“Daşkəndə səfərimizin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı idi. AFFA və səfirliyin təşkilatçılığı ilə Özbəkistan və Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirildi. Maraqlı və gərgin mübarizə şəraitində baş tutan qarşılaşma 5:5 hesabı ilə nəticələndi”.
İdman.biz xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında Arif Əsədov deyib.
Əsədov səfər çərçivəsində uzun müddət birgə çıxış etdiyi Mircəlal Qasımovla da görüşüb: “Fürsətdən istifadə edərək, SSRİ yığmalarında 15 yaşından 21 yaşına qədər bir yerdə çıxış etdiyim Mircəlal Qasımovla görüşdüm. Onun evində qonaq oldum. Uşaqlıqdan valideynləri ilə tanış idim. Bir-birimizin evinə gedib-gəlirdik. Artıq 20-25 ildir ki, valideynləri məni görmürdü. Görüşümüz hamımız üçün çox sevindirici oldu və səmimi hisslər yaşatdı. Onların xeyir-dualarını aldım”.
Əsədov səfər çərçivəsində keçmiş “Neftçi”li Mustafa Bilalovla da bir araya gəlib: “Sovet dövründə ”Neftçi”də çıxış edən Mustafa Bilalovla görüşdük. Həmin vaxtlar mən təxminən 16-17 yaşlarında idim. Onunla yenidən bir araya gəlmək də mənim üçün çox xoş oldu”.
İdman.biz