Aslan Kərimov: “Məncə, Bilbaodan bir xal gətirə biləcəyik”

Xəbərlər
22 Oktyabr 2025 12:13
48
Aslan Kərimov: “Məncə, Bilbaodan bir xal gətirə biləcəyik”

“Qarabağ”ın “Atletik”lə oyunundan gözləntilərim pozitivdir. İlk iki oyunundan sonra bu matçda xal və ya xallar haqda düşünə bilərik”.

Bu sözləri sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyada “Atletik”lə oyundan gözləntilərini bölüşüb:

“Rəqibin daxili çempionatda işləri o qədər də yaxşı getmir. Çempionlar Liqasında uğurlu başlaya bilməyiblər. Mərkəz müdafiəçiləri ÇL oyunlarında ağır görünür. Düzdür, “Atletik” 4-4-2 ilə yüksək pressinqlə oynayan komandadır. Rəqiblərini sıxmağa çalışırlar, dərin oynayırlar. Buna görə də riskli situasiya düşürlər. Cinahda oynayan futbolçularımız çox sürətlidir. Nəriman Axundzadənin son matçlardakı performansı ürəkaçandır. Qurban Qurbanov yəqin ki, ilk iki oyundakı start heyətini meydana buraxacaq. İkinci hissədə Nərimanın oyuna girməsi, “Qarabağ”ın gücünə güc qatacaq. Bütün bunları nəzərə alsaq, rəqibin qapısı qarşısında qol imkanlarımız olacaq. Digər tərəfdən bu Çempionlar Liqasıdır. Müdafiədə boşluqlar buraxsaq, çətin olacaq. Məncə, Bilbaodan 1 xal gətirə biləcəyik. Marko Yankoviçin zədədən qayıtması sevindirici xəbərdir. Topu özü ilə daşıyan, aqressiv müdafiə olunmağı bacaran futbolçunun heyətdə olması vacibdir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Atletik” - “Qarabağ” matçının start fiti Bakı vaxtı ilə 20:45-də səsləndiriləcək.

İdman.Biz

Məqalədə: