Təzminat məsələsində fikir ayrılığı Azər Bağırovu çətin vəziyyətə salıb

Xəbərlər
16 Oktyabr 2025 15:58
52
Təzminat məsələsində fikir ayrılığı Azər Bağırovu çətin vəziyyətə salıb

“Kəpəz”in “sükanı arxasına” keçən Azər Bağırov yay “transfer pəncərəsi”ndə düşərgəyə qoşulan bəzi futbolçuların performansından narazı qaldığı üçün onlarla vidalaşmaq istəsə də, hələ ki, istədiyinə nail ola bilmir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, futbolçularla təzminat məsələsində ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Baş məşqçinin “qara siyahısına” düşənlər təklif olunan şərtlərlə razılaşmırlar. Daha dəqiq desək, maliyyə məsələsində fikir ayrılığı yaşanır. Dörd legioner müqavilədə göstərilən pulu almadan düşərgəni tərk etməyəcəklərini söyləyiblər. Bu da klubun imkanları xaricindədir. Rəhbərlikdən Bağırova bildiriblər ki, kollektivdə görmək istəmədiyi futbolçularla təzminat məsələsində razılığa gəlmədən istədiyi yeni oyunçuları komandaya cəlb etmək qeyri-mümkündür.

Qeyd edək ki, yeddi turdan sonra aktivində xal olmayan “Kəpəz” turnir cədvəlinin son pilləsində qərarlaşıb.

İdman.Biz