“Bu həftə Azərbaycan Kubokunda I təsnifat mərhələsi start götürəcək. Startda 2-ci Liqa komandaları yarışacaqlar. Ancaq sözügedən liqa təmsilçisi “Quba”da qeyri-müəyyən vəziyyətdir. Komandanın 10-a yaxın futbolçusu şəraitə etiraz edərək düşərgədən ayrılıb. Belədə kubok çərçivəsində “Quba” – “Xankəndi” matçının keçirilməsi sual altına düşüb.
Bu barədə Fanat.Az-a danışan “Quba” klubunun prezidenti Ayaz Abdullayev məsələyə aydınlıq gətirib: “Gedən futbolçuların sayı 6-7 nəfərdir. Ancaq təxirə salınma olmayacaq. Düzdür, heyətdə cəmi 12 futbolçu var. Amma çıxış yolu tapa bilməsək, aşağı yaş qruplarından oyunçu cəlb edib matçı keçirəcəyik”.
Qeyd edək ki, “Quba” I təsnifat mərhələsində I Liqanın lideri “Xankəndi” ilə qarşılaşacaq. Oyun 10 oktyabrda Quba Olimpiya Kompleksində baş tutacaq və saat 14:00-da başlayacaq.”