“Fransa indi dünyanın ən güclü millilərindəndir. Bəlkə də, ən güclüsüdür”.
Bunu Azərbaycan milli komandasının sabiq üzvü Rahid Əmirquliyev apasport.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Azərbaycan milli komandasının baş məşqçi postu Ayxan Abbasova təhvil verildi. Ukrayna ilə heç-heçədən sonra bu cür təyinat olacağını ehtimal edirdin?
– Ayxan müəllimə görə sevinirəm, ona uğurlar arzulayıram. Ukrayna ilə oyundan sonra indiki vəziyyətdə düzgün qərardır. Üstəlik, Ayxan müəllimin millidə qalıb, işləməsi haqqıdır. Həmişə millidə yerli məşqçinin tərəfdarı olmuşam. Əminəm ki, o, bu durumda nəsə düzəldəcək.
– Ümumiyyətlə, necə düşünürsən, Ayxan Abbasov milli komandada uğurlu ola biləcək? Təbii ki, qısa zamanda nəsə etmək çətindir. Sadəcə uzunmüddətli müqavilə olduğunu düşünsək, daha bərk, güclü komanda yarada biləcək?
– Ona vaxt versələr, nəyəsə nail ola bilərik. Ayxan müəllimi çempionatdan da tanıyırıq, “Zirə”, “Sumqayıt”, “Turan Tovuz”da da işləyib. O, harada işləyibsə, orada da çempionatda bərk komanda görmüşük. İnanırıq ki, millidə də bəzi şeyləri dəyişdirib, ən azından bərk, istəkli komanda görəcəyik. Sadəcə bir az vaxt vermək lazımdır.
– Milli komandamızı 3 gündən sonra Fransa ilə matç gözləyir. Millinin heyətinə dəvət edilən oyunçuları yəqin ki, gördünüz. Daha çox Rüfət Abdullazadənin milliyə cəlb edilməməsi müzakirə edildi. Sizcə, futbolçularımızın oynamadığı bu vaxtda, Xorvatiya kimi liqada legioner həyatı yaşayan Abdullazadəni niyə nə Santuş, nə də Ayxan Abbasov milliyə dəvət etmir?
– Millinin heyətinə baxmışam. Aşağı-yuxarı eyni adlardır. Rüfət Abdullazadənin milliyə dəvət edilməməsi haqda nəsə demək düzgün deyil. Çünki bu, baş məşqçinin qərarıdır. Onun qərarına və fikrinə də hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, Rüfətə alternativ variant var deyə, onu çağırmayıb. Başqa futbolçuya üstünlük verib. Bu haqda nəsə deməyim düzgün deyil. Həmişə çalışmışam ki, baş məşqçinin qərarı ilə razılaşaq, hörmətlə yanaşaq.
– Digər məsələ odur ki, milliyə dəvət edilənlər arasında oynamayanlar da az deyil. Mahir Emreli isə artıq 6 oyundur ki, “Kayzerslautern”də meydana buraxılmır. Oyun praktikası aşağı olan futbolçunun milliyə xeyir verməsi inandırıcıdır?
– Düzdür, heyətdə az oynayan futbolçularımız var. Bu da oyunlara təsir edə bilər. Oyun praktikası olmadan, millidə Fransa və ya digər komandalara qarşı oynamaq çətindir. Amma yenə də, bayaq sözümə qayıdıram ki, bunlar sırf baş məşqçinin qərarlarıdır. Ona görə də çalışaq, hörmətlə yanaşaq.
– Yəqin ki, 1995-ci ildəki Fransa–Azərbaycan görüşünü xatırlayırsınız? Bu dəfə böyükhesablı məğlubiyyətin təkrarlanmaması üçün millimizin gücü var? Səncə, indiki millimiz 0:10 uduzan yığmamızdan daha güclü görünür?
– Fransa indi dünyanın ən güclü millilərindəndir. Bəlkə də, ən güclüsüdür. Heyətə baxsaq, çox güclü futbolçular görərik. Bizi çox ağır oyun gözləyir. Ancaq rəqiblər nə qədər güclü olsa da, inanıram ki, Fransada böyükhesablı nəticə olmayacaq. Xalla qayıtmaq ehtimalımız çox azdır. Lakin inanıram ki, uşaqlar sona qədər vuruşacaq və böyükhesablı məğlubiyyət olmayacaq.
– Azərbaycan millisi bu tsikldə artıq bir xalı toplayıb. Bəs, Fransa (ev–səfər), Ukrayna (səfər), İslandiya (ev) görüşlərindən xal çıxarmağımız mümkündür, yoxsa qrupu elə bir xalla başa vuracağıq?
– Əlbəttə, çox çətin olacaq. Fransa, Ukrayna səfəri... Xal götürmək çətin olacaq. İslandiyaya səfərdə böyük hesabla uduzsaq da, inanıram ki, evdə onları məğlub edə və ya xal ala bilərik. Ukraynadan da xal almışıq. Niyə də səfərdə bunu təkrarlamayaq? Düzdür, çox çətindir. Amma inam həmişə var. İnanıram ki, nə qədər çətin olsa da, Ayxan müəllim bunu bacara biləcək.”