UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” - “Kopenhagen” matçında qonaq Danimarka komandası formasında bukmeker şirkətinin loqosu olmadan meydana çıxıb.
İdman.biz xəbər verir ki, adətən avrokuboklarda “Kopenhagen” bukmeker şirkətinin loqosu olan formada çıxış edir. Lakin bu dəfə qonaq komanda Azərbaycan qanunvericiliyinə uyğun hərəkət etməli olub.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsinə əsasən, ölkə ərazisində keçirilməsi qadağan olunmuş və qeydiyyata alınmamış idman mərc oyunlarının və lotereyaların reklamına icazə verilmir. Qanunu pozan fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur. Buna görə də “Kopenhagen” klubu Azərbaycan qaydalarına uyğun olaraq meydana sponsorsuz formada çıxıb.
Qeyd edək ki, KİV-lərdə Bakıda “Kopenhagen”in yalnız qanuni səbəblərdən formada dəyişiklik etdiyi barədə birbaşa məlumat yoxdur. Lakin Danimarka mətbuatında bir müddət əvvəl qeyd edilib ki, “Kopenhagen” komandası mütəmadi olaraq qanuni tələblər səbəbindən forma sponsorlarını çıxarmaq məcburiyyətində qalır. Onlar daha əvvəl Kosova və Çexiyada da eyni səbəblə forma dəyişdirməli olublar. Buna görə böyük ehtimalla Bakıda da eyni səbəbdən sponsorsuz formada meydana çıxıblar.