Rahid Əmirquliyev: “Qarabağ” istənilən komandadan xal alacaq gücdədir”

Xəbərlər
1 Oktyabr 2025 17:39
36
Rahid Əmirquliyev: “Qarabağ” istənilən komandadan xal alacaq gücdədir”

“2017-ci ildə Çempionlar Liqasının pley-offunda “Kopenhagen”ə qarşı keçirilən oyunlar üçün heyətdə mən də var idim. Tarix yazmışdıq”.

Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O, keçmiş komandasının Çempionlar Liqasının əsas mərhələsində bu gün “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan danışıb: “Rahat oyun olmayacaq. Futbolda nəticəni deməyə hər kəs çətinlik çəkir. Çempionlar Liqasında aşkar zəif komanda yoxdur. Fikrimcə, “Qarabağ” bu gün qələbə qazanıb hamını sevindirəcək. “Benfika” üzərində qazanılan qələbədən sonra hamıda böyük ümidlər yaranıb. Təmsilçimiz də bu ümidləri doğruldacaq”.

Əmirquliyev “Kopenhagen”in indi, yoxsa 2017-ci ildə daha güclü olduğunu deməyin çətin olduğunu bildirib: “Futbol günü-gündən inkişaf edir, dəyişilir və dəqiq nəsə demək mümkün deyil. “Kopenhagen” daimi olaraq avrokuboklarda oynayır. Onlara zəif demək mümkün deyil”.

Veteran futbolçu Marko Yankoviçin olmamasını itki adlandırıb: “Yankoviçin olmaması ciddi itkidir. Amma onun yerinə çıxacaq oyunçu da döyüşəcək, mübarizə aparacaq. Çünki “Qarabağ”da bir-birini layiqincə əvəz edəcək oyunçular var”.

Sabiq yarımmüdafiəçi “Qarabağ”ın istənilən komandadan xal ala biləcəyini deyib: “Çempionlar Liqasında püşkatma olanda hamı düşünürdü ki, “Qarabağ” bütün rəqiblərinə uduzacaq. Amma “Benfika” ilə matç fikirləri dəyişdi. “Qarabağ” istənilən komandadan xal alacaq gücdədir”.

İdman.biz