Uğursuzluqda itən rekordlar və ya AVRO-2024 xəyalı da, De Byazi nağılı da bitdi - TƏHLİL

Təhlil
22 Noyabr 2023 10:24
658
Uğursuzluqda itən rekordlar və ya AVRO-2024 xəyalı da, De Byazi nağılı da bitdi - TƏHLİL

AVRO-2024-ün seçmə mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması növbəti tsiklidə həmişəki kimi uğursuz başa vurub. Təkcə birbaşa final mərhələsi deyil, pley-off xəyalı da puç olan yığma artıq növbəti sınağı gözləyir. Arxada qalan tsikl isə yetərincə yaddaqalan oldu.

Türkiyənin bəxş etdiyi xəyal

Canni de Byazinin baş məşqçisi olduğu millimiz Almaniyada keçiriləcək qitə çempionatının final mərhələsinə birbaşa vəsiqə verən ilk iki pillədən birini tutmaq şansını vaxtından əvvəl itirdi. Bu, azarkeşlərimiz üçün yenilik deyildi. Amma Türkiyə yığmasının final mərhələsinə vəsiqəni təmin etməsi yığmamıza ümid, bir xəyal bəxş etdi.

Millətlər Liqasının C liqasında qrup ikincisi olan və sıralamada 6-cı olan komandamız üçün pley-off şansı yaxınlaşmışdı. Bizdən öndə olan 5 komandadan birinin – qardaş ölkə təmsilçisinin bu uğuru yığmamızı gələn ilin martında mübarizə aparacaq “dördlüy”ə ilk addım idi. Digər 4 milli – Gürcüstan, Yunanıstan, Lüksemburq, Qazaxıstandan birinin də final mərhələsinə çıxması yığmamıza pley-off şansı bəxş edəcəkdi. Gürcüstan buna öncədən vida etsə də, digər üç komanda noyabr görüşlərinədək həm özünün, həm millimizin azarkeşlərini intizarda saxladı. Amma sonda başqalarının uğuruna sevinmək istəyən yığmamızın xəyalı puç oldu.

Hər şey başladığı kimi bitdi

Millimiz 5 komandalı qrupu 7 xalla 4-cü pillədə başa vurdu. Bu, yığmanın yetərincə tənqidə məruz qalması ilə nəticələndi. Amma realist olsaq, uzaq keçmişə deyil, elə 13 ay əvvələ nəzər salsaq, hər şeyin başladığı kimi bitdiyini görərik. Söhbət ötən ilin oktyabrındakı püşkatmadan gedir. Belçika 1-ci, Avstriya 2-ci, İsveç 3-cü, Azərbaycan 4-cü, Estoniya 5-ci səbətdən qatıldığı seçmə mərhələni elə statusuna uyğun şəkildə bitirdi.

Bəli, millimiz gücünə uyğun olan öz yerini tutdu. Amma komanda yerində saydı və artığını edə bilmədi.

Qrupda yer alanların FİFA reytinqinə nəzər salsaq, Azərbaycan həm püşkatma, həm start oyunu öncəsi, həm də finiş ərəfəsində qrupun 5-cisi olub. 4-cü olan Estoniyanı turnir cədvəlində keçən yığma yəqin ki, növbəti FİFA reytinqində də Baltikyanı ölkə təmsilçisini qabaqlaya biləcək. Belçika bütün qeyd olunan siyahılardakı statusunu 1-ci yeri tutmaqla qoruyubsa, Avstriya özündən reytinqli İsveçi arxada qoymağı bacarıb.

İki addım geri, üç addım irəli

13 ay əvvəl baş tutan püşkatma vaxtı FİFA reytinqinin “Top-5”də qərarlaşan Belçika, “25-lik”də olan İsveç və 35 ən güclüdən biri olan Avstriya ilə eyni qrupa düşən Azərbaycan millisi ikinci “yüzlüy”ün üçüncü “onluğ”unda – 123-cü pillədə yer almışdı. Həmin vaxt Estoniya bizdən daha ön sıralarda qərarlaşsa da, qüvvələr nisbəti fərqli görünürdü. Ötən ilin payızında nikbin və tələbkar azarkeşlər daha çox, bədbinlər daha az xal proqnozlaşdırsa da, əksəriyyət “Estoniyadan 6 xal” düşüncəsinə qapılmışdı. Millimizin qeyri-futbol ölkəsi olan rəqibi iki dəfə məğlub edəcəyini gözləyənlər “Böyük beşlik” liqalarında və aparıcı klublarda yetərincə oyunçusu olan Belçika, Avstriya və İsveçdən xal almağın çətinliyini dərk edirdi. De Byazinin yetirmələri bu sadə proqnozu Bakıda korladı. Yığmamız özündən zəif Estoniya ilə bərbad oyun keçirib, bir xalı da çətinliklə qazandı. İtirilən iki potensial xal İsveçlə görüşdəki darmadağınla sığortalandı. Motivasiyasız rəqib Bakıda üç cavabsız qolla məyus oldu.

Rekord və ənənə

İsveç üzərində proqnozlaşdırılmayan qələbə gözlənilməz olduğu qədər də ənənəyə uyğun idi. Millimiz tarixi ərzində əksər tsikllərdə bir rəqibə qənim kəsilməsi ilə yadda qalıb. İsveçrə (1:0), Slovakiya (2:0), Finlandiya (1:0), Türkiyə (1:0), Serbiya və Monteneqro (2:2, 2:1), Portuqaliya (1:1), Xorvatiya (0:0)...

Son iki seçmə mərhələdə qələbə qazanmayan Azərbaycan millisi bu dəfə 2 görüşü qalib vurmağı bacardı. Bu, yeni rekordlara yol açdı. Millimiz 5 komandalı qruplarda tarixinin ən yaxşı nəticəsinə imza atdı. DÇ-1998, AVRO-2004, AVRO-2020 və DÇ-2022-də 8 oyun keçirən yığma həmişə qərarlaşdığı sonuncu pilləni tutmadı. İlk dəfə 5 komandalı qrupda 4-cü olan yığma həm qələbə (2), vurulan qol (7), xal (7) sayında ən yüksək, məğlubiyyət (5) və buraxılan qollada (17) ən yaxşı nəticəsini gerçəkləşdirdi.

Uman yerdən küsərlər

Son iki seçmə mərhələnin hərəsində bir xal toplayan komandanın rekordları, səbətdəki mövqeyinə uyğun, reytinqdəkindən yüksək nəticə göstərməsi AVRO-2024-ün yekununun yaxşı olmasa da, qənaətbəxş adlandırılmasına əsas verirdi. Amma küsən və tribunaları boş qoyan azarkeşlər, De Byazi və yığmanı kəskin edən media bunun tam əksini göstərir. Bu da əsassız deyil. Bəli, yığma gücünə görə layiq olduğu nəticəni verdi. Amma boyundan yuxarı tullana bilmədi.

Nəticələrdən narazılığın səbəblərindən biri də məhz bu amildir. “Tarixin ən güclü heyəti” fikrinin formalaşması komandadan daha artığını gözləməyə əsas verirdi. Hazırda yığmanın özəyini təşkil edənlərin bir qismi “Qarabağ”la Avropada tarix yazmaqda davam edir, bir qismi isə xarici ölkələrin klublarında kifayət qədər yaxşı çıxışı ilə seçilir. Bu qədər və bu səviyyədə legioner həyatı yaşayan oyunçularının xatırlanmadığı komandadan daha artığını gözləməyə dəyərdi. Bu səbəbdən də “uman yerdən küsərlər” düşüncəsi yerinə düşür. Bəli, transferinə xərclənən milyonlar bütün futbolçularımızın satış qiymətinin cəmindən bir neçə dəfə çox olan Romelu Lukakulu Belçikanı və ya Marsel Zabitserli, David Alabalı Avstriyanı keçməyimiz mümkün görünmürdü. Heç komandadan bu da tələb olunmurdu... Azarkeşlər də, mətbuat də, bütün futbol ictimaiyyəti də mübariz, əzmkar, sonadək vuruşan yığma görmək istəyirdi.

İki fərqli komanda

Seçmə mərhələdə qeyd etdiyimiz xüsusiyyətlərə malik komanda gördük. Amma... Tsikl ərzində sanki təxminən eyni oyunçulardan ibarət iki fərqli komanda var idi. Belçika, Avstriya, İsveçlə ev, Estoniya ilə səfərdə oynayan döyüşkən Azərbaycan millisi hətta uduzanda da hörmətlə, sevgi ilə dəstəklənirdi. Bütün tsikli bu səviyyədə keçsəydi, yəqin ki, komandanın ümumi çıxışı qənaətbəxş sayılardı. Bəlkə də De Byazinin müqaviləsinin uzadılması da bu qədər geniş müzakirə olunmazdı. Amma eyni rəqiblərin hər birinə qarşı digər matçda aciz görünən, peşəkar futbolçu önünə çıxan UGİM şagirdini xatırladan komandamız qeyri-sabitliyini qabarıq nümayiş etdirdi. Mərhələnin oyunlarının yarısında bir, yarısında fərqli görünən yığmanın daim eyni tonusda olmamasına isə məhz italiyalı cavabdehdir. O isə bunun öhdəsindən tam gələ bilmədi.

Milyonlarla harınlığa doğru

Qeyri-sabitlik və boyundan yuxarı tullana bilməmək bir yana, millidən ən böyük narazılığın səbəbkarı elə baş məşqçinin özüdür. Dəfələrlə konfranslarda, xarici mətbuata müsahibələrində “yuxarıdan gedən” italiyalı Belçikadakı son matçdan sonra özünün “fatihə”sini verdi. Mütəxəssis Azərbaycan idman jurnalistlərini təhqir etməklə təkcə mətbuatı deyil, neçə illərdir çörəyini yediyi ölkəmizi aşağılamağa cəhd etdi. Bu, onun başa çatan müqaviləsinə, yığmamızdakı gələcəyinə həlledici zərbəni vurdu.

Əslində, De Byazinin “axmaqlıqları” da yad deyil. Böyük futbol ölkələrindən bəh-bəhlə gətirilən adlı-sanlı mütəxəssislər milyonları yeyərək “harınlaması” ilə diqqət çəkib. Vaxtilə Berti Foqts da Almaniyadan gəldiyi üçün özünü daim üstün saydığını nümayiş etdirirdi. Bəlkə də onların davranışı fərqli futbol mentalitetinə malik olmaları ilə bağlıdır. Amma belələri nəinki milyonlara, nəinki qəpiklər, hətta “axmaq” ifadələri işlətmək üçün nəfəsimizə belə layiq deyillər.

Gözlər Parisdə

AVRO-2024 xəyalı da, De Byazi nağılı da bitdi. Artıq gözlər növbəti tsikllərdədir. Bunadək yeni baş məşqçi tapmalı, ya yerli, ya da ölkəmizə, onun vətəndaşlarına hörmətlə yanaşan, hər sözünə görə sonradan AFFA rəsmilərini üzr istəməyə məcbur qoymayan birisini seçməliyik.

Cəmi 78 gündən sonra – 2024-cü ilin fevralın 8-də Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq. Yenə C liqasında oynayacaq komandamız payızdakı matçlara hazırlaşmalı və oradakı oyunu ilə azarkeşləri tribunalara qaytarmalıdır.

P.S. Siz bu yazını oxuyarkən AFFA-nın İcraiyyə Komitəsi fövqəladə iclasında Canni de Byazinin işini müzakirə edir və onun gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır. Artıq əsas məsələ onun yerinə kimin gələcəyidir.

Hüseyn Vaqif

İdman.biz