Ceyhun Sultanov: “Fransa ilə matçda favorit İspaniyadır”

Xəbərlər
9 İyul 2024 12:49
405
Ceyhun Sultanov: “Fransa ilə matçda favorit İspaniyadır”

“Hər iki komandanın heyətində çox təcrübəli futbolçular var. Amma İspaniya 1 addım öndədir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, AVRO-2024-ün ilk yarımfinal görüşündə İspaniya və Fransa duelində gözləntilərini açıqlayıb. Sultanov bildirib ki, Luis de la Fuentenin komandasının finala adlamaq şansı daha yüksəkdir: “Oyun baxımından favorit İspaniyadır. Ağır və maraqlı matç olacaq. Pley-off oyunlarında adətən qollu görüşlər izləmək mümkün olmur. Hamı qapısını toxunulmaz saxlamaq üçün qapanır. Maksimum səhvlərdən istifadə edib 1 qol vurmağa çalışırlar. Amma İspaniya hər qarşılaşmada fərqləndiyi üçün düşünürəm ki, onlar yarımfinalda da fərqlənəcəklər. Fransanın heyətində də yaxşı futbolçular var, Avropa çempionlarıdır. Amma oyun baxımından prineylilər üstün tərəfdirlər. Təxmini hesab demək çətindir, amma İspaniyanın qalib gələcəyini düşünürəm”.

Sultanovun sözlərinə görə, ispanların oyununa bəzi futbolçularının cəzalı və ya zədəli duruma düşməsi təsirsiz ötüşməyəcək: “Amma inanmıram ki, oyun planında nəsə dəyişsin. Çünki Pedrinin, Dani Karvahalın yerinə başqa futbolçular qoyulsa belə onların oturuşmuş oyun sistemi var. Bu futbolçuların olmamağı bəlkə keyfiyyət baxımından İspaniyanın ziyanına olacaq, amma ümumilikdə oyun planında heç bir problem yaranmayacaq. De la Fuentenin komandası yenə də öz oyununu nümayiş etdirəcək”.

Qeyd edək ki, fransızların heyətlə bağlı itkisi yoxdur. İspaniyada Dani Karvahal qırmızı, Le Norman sarı vərəqə limitini aşdığı, Pedri isə Almaniyaya qarşı son matçda zədələndiyi üçün matçı buraxacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Emin Ağa
İdman.biz