Portuqaliya - Fransa: RƏQABƏT TARİXİ

Təxminlər
5 İyul 2024 17:33
1 578
Portuqaliya - Fransa: RƏQABƏT TARİXİ

Bu gün Hamburqda AVRO-2024-ün 1/4 final mərhələsində Portuqaliya - Fransa matçı keçiriləcək.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

1926-cı ildən indiyədək komandalar 28 dəfə üz-üzə gəliblər. 98 il öncə ilk yoldaşlıq görüşündə 4:2 hesabı ilə qalib gələn “üçrənglilər” sonrakı bir əsrə yaxın dövrdə də daha üstün oyun göstəriblər. 28 qarşılaşmadakı 19 məğlubiyyətə portuqaliyalılar cəmisi 6 qələbə ilə cavab verə biliblər. Top fərqi də kifayət qədərdir – 52:31.

Komandaların seçmə mərhələlərdə rəqabəti olmayıb. Avropa çempionatları final mərhələsində 4 görüşdən ilki 1984-cü il yarımfinalının əlavə vaxtında Fransanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 2000-ci il – eyni mərhələ, yenə əlavə vaxt, eyni tərəfin qələbəsi. Bu dəfə hesab 2:1 olub.

2016-cı ildə rəqabət yenə əlavə vaxta daşınıb. Bu dəfə artıq finalda yeganə qol Portuqaliya millisinə tarixində ilk və yeganə çempion titulunu qazandırıb.
AVRO-2020-də 2021-ci ildə qrup mərhələsində Kriştiano Ronaldo ilə Kərim Benzemanın dubl dueli 2:2-lik bərabərliklə yekunlaşıb. Bu iki superulduzun 4 qolundan yalnız Benzemanın 1 qolu penaltidən vurulmayıb.

Komandaların dünya çempionatlarında yeganə görüşü 2006 mundialının yarımfinalında olub və matçın taleyini Zinədin Zidanın yeganə penalti qolu həll edib.

Tərəflərin 2020-ci ildə Millətlər Liqasındakı iki görüşündə cəmisi bir qol vurulub. N Qolo Kantenin qolu ikinci matçın taleyini fransalıların xeyrinə həll edib.
Qalan 21 görüş yoldaşlıq matçı olub. 15 dəfə qələbə qazanan fransalılar 5 dəfə uduzublar. Top fərqi 43:25 olub.

Qeyd edək ki, bu gün oyun saat 23:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: