“Tartan Ordu”nun Almaniyaya “hücumu” - TƏQDİMAT

Xəbərlər
8 May 2024 16:38
“Tartan Ordu”nun Almaniyaya “hücumu” - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 37 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə A qrupunun komandalarını nəzərdən keçiririk. Meydan sahibi Almaniya və İsveçrə kimi bu qrupun digər komandası Şotlandiya da 1/8 finala iddialıdır.

Erlinq Haland Almaniyaya buraxılmır
Şotlandiya millisinin seçmə mərhələdə ikinci yer üçün mübarizə aparacağı gözlənilən idi. İspaniyanın 1-ci olacağının öncədən də proqnozlaşdırıldığı “beşlik”də britaniyalıların əsas rəqibləri Norveçlə Gürcüstan sayılırdı. “Tartan Ordu” yarışa möhtəşəm startla başlayıb. Ardıcıl 5 qələbə qazanan şotlandlar İspaniyanı da üstələyib. Son üç turdakı xal itkilərinə baxmayaraq Stiv Klarkın yetirmələri 2-ci yeri tutub. Erlinq Halandlı Norveç isə Almaniyadakı final mərhələsindən kənar qalıb.

İlk arzusunda
Bu, Şotlandiya üçün ilk Avropa çempionatı deyil. Hələ ötən əsrdə iki dəfə final mərhələsinə adlayan britaniyalılar AVRO-2020-də də iştirak edib. Üç il əvvəl dünya və qitə çempionatlarındakı uzun həsrətə son qoyaraq XXI əsrdə ilk dəfə final mərhələsi həyəcanı yaşayan “Tartan Ordu” Almaniyaya da ilk arzusu ilə “hücum çəkəcək”. Şotlandiya Avropa çempionatlarındakı ilk üç cəhdində qrupda qalıb. Yığmanın azarkeşləri bu səddi adlamaqla ilkə imza atmağa ümidlidir.

Premyer Liqa ulduzları ilə irəli
Şotlandiya millisinin əksər üzvləri İngiltərə Premyer Liqasında çıxış edir. Komandanın liderləri Endryu Robertson və Skott Maktominay “Liverpul”la “Mançester Yunayted” kimi nəhənglərin formasını geyinir. Onların yığmanı AVRO-2024-də ən azı qrupdan çıxarmaq ehtimalı yetərincə yüksəkdir. Almaniyanın favorit sayıldığı qrupda İsveçrə və Macarıstanla mübarizədə “Tartan Ordu”da şanssız deyil. Klarkın yetirmələri ən yaxşı qrup üçüncülərinin də 1/8 finala adlaması faktorundan da yararlana bilər. Təbii ki, şotlandlar seçmə mərhələdəki kimi yaxşı starta imza atsa, onlara daha asan olacaq. Amma ilk rəqibin meydan sahibi olması britaniyalıların bu istəyinə mane də ola bilər.

Şotlandiya millisinin qrupdakı oyunları
14 iyun. Almaniya – Şotlandiya
19 iyun. Şotlandiya – İsveçrə
23 iyun. Şotlandiya – Macarıstan

Qeyd edək ki, A qrupunun görüşləri Münhen, Köln, Ştutqart və Frankfurtda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: