Azərbaycan Velosiped İdmanı Federasiyasında məşqçilərin fəaliyyəti ilə bağlı müşavirə keçirilib - FOTO

7 Sentyabr 2026 16:24
76
Azərbaycan Velosiped İdmanı Federasiyasında məşqçilərin fəaliyyəti ilə bağlı müşavirə keçirilib - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Bildirilib ki, müşavirəni giriş sözü ilə açan AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov ölkədə velosiped idmanının inkişafında məşqçilərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, idmançıların hazırlıq prosesinə sistemli və peşəkar yanaşmanın, məşq proqramlarının müasir tələblər əsasında qurulmasının, hər bir idmançının fərdi potensialının aşkarlanaraq düzgün qiymətləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə uşaq və yeniyetmələr arasında seleksiya işinin gücləndirilməsi, məşqçilər arasında təcrübə mübadiləsinin artırılması və idmançıların inkişaf dinamikasının mütəmadi təhlil olunmasının zəruriliyi diqqətə çatdırılıb.

S.Ələkbərov Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin qarşısında qoyduğu vəzifələri və tələbləri düzgün yerinə yetirə bilməməsi səbəbindən peşəkar velosipedçilərin yetişdirilməsi sahəsində ciddi nöqsanlar olduğunu nəzərə alaraq, qurumun rəhbərliyinin dəyişdirildiyini və orada ciddi islahatlara start verildiyini bildirib. Regionlarda olan istedadlı gənclərin velosiped idmanına cəlb olunması məqsədilə 18 şəhər və rayonda velosiped bölmələrinin yaradıldığı, peşəkar və savadlı məşqçilərin bu işə cəlb olunduğu, həmin bölmələrin müvafiq yer və lazımi avadanlıqlarla təmin edildiyi qeyd olunub.

Federasiyanın baş məşqçisi Vladimir Buşanski məşqçilərlə aparılan işlərin müasir tələblər səviyyəsində qurulması və onların peşəkarlıq səviyyəsinin artırılması üçün görüləcək işlər barədə məlumat verib.

Velosiped məktəbinin baş məşqçisi Sabir Həsənov, məşqçilər Elçin Əsədov, Elçin Qasımov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov və başqaları çıxış edərək ölkədə velosiped idmanının inkişafı ilə bağlı hər cür şəraitin yaradıldığını bildiriblər. Onlar bu idmana marağı olan uşaq və yeniyetmələrlə aparılan işlərin gücləndirilməsi hesabına yakın bir neçə il ərzində peşəkar velosipedçilərin hazırlanması sahəsində ciddi irəliləyişlərin əldə edilməsinin mümkünlüyünü, məşqçilərin öz üzərlərində daim çalışmaları və vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmalı olduqlarını diqqətə çatdırıblar.

İdman.Biz