Velosipeddə radikal təklif: “600 yarış günü əvəzinə 100 olsun”

26 Avqust 2026 13:10
95
Velosipeddə radikal təklif: “600 yarış günü əvəzinə 100 olsun”

Peşəkar velosiped yarışlarının sayının kəskin azaldılması təklif olunub.

İdman.Biz xəbər verir ki, “EF Education-EasyPost” komandasının rəhbəri Conatan Voters təqvimdə təhlükəsizlik standartlarına cavab verməyən yarışların saxlanılmasına ehtiyac olmadığını bildirib.

Onun fikrincə, bir çox təşkilat peşəkar səviyyəli yarışı təhlükəsiz keçirmək üçün yetərli büdcəyə malik deyil.

“Bizə 600 yarış günü lazım deyil. Niyə təhlükəsiz keçirilən 100 yarış günü olmasın?”

Bu təklif 19 yaşlı britaniyalı velosipedçi Fin Tarlinqin “Volta a Portugal” zamanı ölümündən sonra səsləndirilib. Tarlinq pelotona çatmağa çalışarkən enişdə yarışa aid olmayan və qarşı istiqamətdən gələn avtomobillə toqquşub. Yol həmin vaxt yarış üçün bağlanmış olmalı idi.

Araşdırma zamanı Tarlinqin əsas qrupdan ayrı hərəkət etdiyi və polis müşayiətinin olmadığı da məlum olub.

“Visma-Lease a Bike” komandasının rəhbəri Riçard Plugge vəziyyəti Formula 1-lə müqayisə edib və yarış trasında əks istiqamətdə avtomobilin görünməsinin F1-də təsəvvür edilə bilməyəcəyini vurğulayıb.

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) isə hadisə ilə bağlı araşdırma davam etdiyi üçün əlavə şərh verməyib.

İdman.Biz
Məqalədə: