Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığması yeni mövsümdə ilk startına çıxıb.
İdman.Biz xəbər verir ki, komandamız Türkiyənin Antalya şəhərində keçirilən, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yarışında qüvvəsini sınayıb.
Millinin heyətində Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov, Tural İsrafilov və Süleyman Ələkbərov mübarizə aparıblar. Velosipedçilər 130,4 km məsafə qət ediblər.
Yığmamızda ən yaxşı nəticəni Musa Mikayılzadə göstərib. O, finiş xəttini lider qrupda keçib və fotofiniş qərarına əsasən 11-ci yeri tutub.
Digər təmsilçilərimizdən Əli Qurbanov 70 iştirakçı arasında 25-ci, Tural İsrafilov 33-cü, Nofəl Nuriyev 34-cü, Süleyman Ələkbərov 39-cu, Şahin Eyvazov 41-ci, Maksim Trendelyov isə 42-ci olub.
