Dopinq, yoxsa təsadüf? - İdman.Biz azərbaycanlı velosipedçinin işini araşdırıb

Müsahibə
22 Noyabr 2025 14:00
47
Dopinq, yoxsa təsadüf? - İdman.Biz azərbaycanlı velosipedçinin işini araşdırıb

Bir neçə gün əvvəl məlum olub ki, Azərbaycan velosipedçisi Artyom Proskuryakov müsbət dopinq testinə görə ölkə yığmasından müvəqqəti olaraq kənarlaşdırılıb. İdmançının “kəşfiyyat testi” bu ilin sentyabr ayında Kiqalidə (Ruanda) keçirilən UCI şosse velosipedi üzrə dünya çempionatında aparılıb. Atletin qanında metamfetamin və onun metabolitləri aşkarlanıb.

Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz metamfetaminin hansı məhsullarda ola biləcəyini və insan orqanizminə necə təsir göstərdiyini araşdırmağa qərar verib.

Metamfetamin amfetamin qrupuna daxil olan güclü psixostimulyatordur, mərkəzi sinir sisteminə ciddi təsir edir və sağlamlığa böyük zərər vura bilər. Bu, yüksək dərəcədə asılılıq yaradan maddədir. Metamfetamin dərman vasitəsi kimi qeydiyyatdan keçməyib və Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə istifadəsi qadağandır. Bəzi dövlətlərdə SDAQ və ya piylənmə müalicəsində istifadə olunan nadir preparatlar üçün istisnalar mövcuddur. Lakin mütəxəssislər metamfetaminin hətta tibbi məqsədlərlə istifadəsinin belə yüksək asılılıq riski daşıdığını və orqanizmə dağıdıcı təsir göstərə biləcəyini bildirirlər.

Diyetoloq Nərgiz Əhmədova İdman.Biz-ə açıqlamasında vurğulayıb ki, metamfetamin heç bir qanuni arıqlama vasitəsinin tərkibində olmur və qanuni nutrasivtlərin, vitamin komplekslərinin və idman qidalarının tərkibində də mövcud deyil:

“Metamfetamin amfetamin qrupuna aid sintetik psixostimulyatordur və tam şəkildə antidopinq qaydaları ilə qadağan olunub. Standart arıqlama məhsullarından və ya aptek çaylarından bu maddənin təsadüfən orqanizmə düşməsi mümkün deyil”.

Bununla yanaşı, mütəxəssis bazarda çoxlu sayda sertifikatlaşdırılmamış əlavələrin, “yağyandırıcıların” və arıqlama çaylarının mövcud olduğunu qeyd edib. Onların tərkibinə bəyan edilməmiş sintetik stimulyatorlar daxil ola bilər:

“Bunlara fenetilamin törəmələri, DMAA, DMBA, BMPEA və efedrin analoqları daxildir. Bu maddələrin metabolitləri laboratoriya testlərində çarpaz reaksiya verərək amfetaminə bənzər profil yarada bilər ki, bu da bəzən metamfetaminin mövcudluğu kimi qiymətləndirilir. Belə hallar xüsusilə apteklərdən kənar əldə edilən keyfiyyətsiz enerji və ya arıqlama vasitələrindən istifadə edən yeniyetmələr və gənc idmançılar arasında tez-tez rast gəlinir. Bu məhsulların tərkibində stimulyatorlar adətən qablaşdırmada göstərilmir. Buna görə də 18 yaşlı idmançının qanında amfetamin izi aşkar olunması mütləq şəkildə qadağan edilmiş maddəni məqsədli şəkildə qəbul etməsi anlamına gəlmir”.

Metamfetaminin idman nəticələrinə təsirinə gəlincə: mərkəzi sinir sisteminin psixoaktiv stimulyatorları yorğunluq hissini qısa müddətə azalda və güc artımı effekti yarada bilər. Lakin onların fiziki iş qabiliyyətinə real təsiri tam olaraq araşdırılmayıb.

“British Journal of Sports Medicine” (2009) jurnalında dərc olunmuş araşdırmada göstərilir ki, L-metamfetaminin (maddənin sui-istifadə olunmayan ölçüsü) kiçik dozaları stasionar velosipeddə fiziki iş qabiliyyəti göstəricilərini yaxşılaşdırmır, lakin diastolik arterial təzyiqi bir qədər yüksəldə bilər.

“Sports Medicine - Open” (2022) jurnalında dərc olunmuş mövzu üzrə sistematik icmal isə metamfetaminin fiziki aktivliyə təsirini araşdıran cəmi bir tədqiqatın mövcud olduğunu — məhz yuxarıda qeyd olunan araşdırmanı — bildirir. Müəlliflər məlumatların kifayət qədər olmadığını və maddənin təsirlərinin daha ətraflı öyrənilməsinə ehtiyac duyulduğunu vurğulayırlar.

Qeyd edək ki, hazırda Artyom Proskuryakovun orqanizminə qadağan edilmiş maddələrin necə düşməsi ilə bağlı araşdırma aparılır. İdmançının B nümunəsinin təkrar testini tələb etmək hüququ var.

Leyla Eminova

İdman.Biz