Qətərin kişi komandasının kapitanı: “Əlbəttə, Azərbaycan millisinə azarkeşlik edirəm” - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN + VİDEO

25 Sentyabr 2026 13:57
139
Qətərin kişi komandasının kapitanı: “Əlbəttə, Azərbaycan millisinə azarkeşlik edirəm” - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN + VİDEO

Azərbaycanlı qrossmeyster Vüqar Əsədli Səmərqənddə keçirilən Şahmat Olimpiadasına Qətərin kişi millisinin kapitanı kimi gəlib.

İdman.Biz-in Özbəkistana ezam olunmuş əməkdaşına açıqlama verən Əsədli başqa ölkənin yığmasına rəhbərlik etməsinə baxmayaraq, Azərbaycan millisinin uğurunu arzuladığını bildirib.

“Əlbəttə, öz komandamıza azarkeşlik edirəm. Ermənistanla oyun çox vacibdir. Komandamızın medal qazanmaq üçün yaxşı şansları var. Ümid edirəm ki, uğurlu nəticə əldə edəcəyik. Şahmatçılarımızı belə mötəbər yarışda görmək qürurvericidir. Bütün oyunçularımıza uğurlar arzulayıram”, - deyə o bildirib.

Qrossmeyster Azərbaycan millisinin Hindistanla 2:2 hesablı heç-heçəsinə də toxunub:

“Hindistan hazırda dünyanın ilk üçlüyündə olan komandalardan biridir. Hətta ən güclü komandalardan biri olduğunu demək olar. Onlara qarşı oynamaq çox çətindir. Məncə, 2:2 hesabı bizim üçün uğurlu nəticədir”.

Əsədli qadınlardan ibarət Azərbaycan millisinin çıxışını tam izləyə bilmədiyini söyləsə də, komandanın son dövrlərdə inkişaf etdiyini vurğulayıb:

“Qızlarımız son vaxtlar yaxşı nəticələr göstərirlər. Oyunlarına baxanda üzərlərində işlədikləri hiss olunur. Hər turnirdə uğur qazanmaq mümkün deyil. Əsas odur ki, reytinqlərini yüksəltsinlər və qarşıdakı yarışlarda daha yaxşı nəticələr əldə etsinlər”.

Vüqar Əsədli Olimpiadanın əsas favoritlərindən biri kimi Özbəkistanı göstərib. Azərbaycan millisində isə Məhəmməd Muradlı və Aydın Süleymanlının perspektivlərini xüsusi qeyd edib.

Qeyd edək ki, Əsədli 2016-cı ildə Bakıda keçirilən Şahmat Olimpiadasında Azərbaycanın üçüncü komandasında çıxış edib. O, 10 il sonra Olimpiadada artıq Qətər millisinin kapitanı kimi yer alıb.

Araz Xəlilli

İdman.Biz