FIDE Komissiyası Kramnikin Naroditski ilə bağlı açıqlamalarını araşdıracaq

Xəbərlər
23 Oktyabr 2025 05:09
41
FIDE Komissiyası Kramnikin Naroditski ilə bağlı açıqlamalarını araşdıracaq

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç FIDE-nin Etika və İntizam Komissiyasının 14-cü dünya çempionu Vladimir Kramnikin amerikalı qrossmeyster Daniel Naroditski ilə bağlı dediklərini araşdıracağını açıqlayıb.

İdman.Biz-in məlumatına görə, Naroditski oktyabrın 19-da vəfat edib.

Sosial şəbəkələrdə Kramnikin Naroditskini fırıldaqda ittiham etməsinin ikincinin psixoloji durumuna təsir etməsi və onun ölümünə səbəb olması barədə fərziyyələr yayılıb.

“Son vaxtlar şahmat dünyasında ictimai müzakirələr çox vaxt qəbuledilməz sərhədləri keçərək, təkcə insanların reputasiyasına deyil, həm də rifahına xələl gətirir. Bu baş verdikdə, müzakirələr bullinqə, təqiblərə və şəxsi hücumlara çevrilə bilər ki, bu da müasir şəraitdə xüsusilə ciddi məsələdir.

Şahmat ictimaiyyəti qrossmeyster Vladimir Kramnikin nailiyyətlərinə çoxdan hörmətlə yanaşır və onun idmanımıza verdiyi töhfələr danılmazdır. Bununla belə, böyük nailiyyətləri müşayiət edən eyni yüksək standartlar həm də ədalət və hörmət prinsiplərinə riayət etmək , bu idman növünün səfiri kimi xidmət etmək məsuliyyətini yaradır.

Buna görə də, mən FIDE İdarə Heyəti ilə birlikdə qrossmeyster Vladimir Kramnikin həm qrossmeyster Daniel Naroditskinin faciəvi ölümündən əvvəlki, həm də sonrakı bütün müvafiq ictimai bəyanatlarını müstəqil nəzərdən keçirilməsi üçün FIDE-nin Etika və İntizam Komissiyasına rəsmi şəkildə təqdim edəcəyəm.

Eyni zamanda, mən təsdiq edirəm ki, FIDE hər hansı bir hörmətsizlik, ictimai təqib və ya şahmat ictimaiyyəti daxilində qısnama halında müvafiq tədbirlər görəcək. İdmanımızın dürüstlük, hörmət və insanlıq məkanı olaraq qalmasını təmin etmək üçün hamımız məsuliyyət daşıyırıq - bu dəyərlər həmişə düşmənçilik və parçalanma üzərində üstünlük təşkil etməlidir” – FIDE prezidentinin qurumun sosial şəbəkə hesablarında yayılan bəyanatında deyilir.

İdman.Biz