Rusiyalı qrossmeyster, 14-cü dünya çempionu Vladimir Kramnik 29 yaşlı amerikalı şahmatçı Daniel Naroditskinin ölümündən sonra sosial şəbəkələrdə ona ünvanlanan çoxsaylı hədələrlə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlayıb.
İdman.Biz-in məlumatına görə, Kramnik ona yönəlik ölüm arzusunun skrinşotunu yerləşdirib və müvafiq postu dərc edib.
Kramnik X sosial şəbəkəsindəki şəxsi hesabında yazıb: “Artıq yüzlərlə oxşar mesaj almışıq. Hüquqşünaslar komandası polisə məlumat verib və bir neçə saat ərzində cinayət işinin açılması üçün məhkəməyə göndəriləcək məktub hazır olacaq. Bundan sonra belə halların baş verməməsi üçün kim məni yalandan ittiham etsə, məsuliyyətə cəlb ediləcək”.
Oktyabrın 20-də Naroditskinin ölüm xəbərindən sonra sosial şəbəkələrdə Kramnikin ünvanına ittihamlar peyda olub: Kramnik əvvəllər Danielin şahmat fırıldaqlarında əlinin olması ilə bağlı şübhələr yaratmışdı və oyunlar zamanı oyunçunun qeyri-adi davranışını qeyd etmişdi. İstifadəçilər hesab edir ki, Kramnikin davranışı Naroditskinin psixoloji durumuna təsir edib və onun ölümünə səbəb olub.