Azərbaycanın kişi və qadın şahmat komandaları Avropa çempionatına uğurlu başlayıblar - İDMAN.BİZ-in İCMALI

Təhlil
6 Oktyabr 2025 11:27
61
Azərbaycanın kişi və qadın şahmat komandaları Avropa çempionatına uğurlu başlayıblar - İDMAN.BİZ-in İCMALI

Şahmat üzrə Azərbaycanın kişi və qadın milli komandaları Batumi (Gürcüstan) şəhərində keçirilən Avropa çempionatında uğurlu başlanğıc edib və artıq güclü rəqiblərlə görüşlərə hazırlaşırlar.

İdman.biz xəbər verir ki, kişi komandamız ilk turda Slovakiya üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Oyunçularımızdan Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı qələbə, Rauf Məmmədov və Eltaç Safarlı isə heç-heçəyə imza atıb.

İkinci turda Azərbaycan komandası Çexiya ilə üz-üzə gələcək. Çexiya komandası uzun müddətdir Davit Navara kimi təcrübəli liderə sahibdir. Azərbaycan millisində isə dəyişiklik olacaq: Eltac Səfərlinin yerinə Məhəmməd Muradlı bu görüşdə iştirak edəcək.

Turnirdə sürprizlər də qeydə alınıb. Məsələn, kişi komandaların yarışında favoritlərdən biri olan Almaniya komandası ilk turda Danimarkaya 1,5:2,5 hesabı ilə məğlub olub. Digər favorit, Macarıstan komandası da Gürcüstana eyni hesabla uduzub.Gürcülər maraqlı taktikaya əl ataraq lideri və ən təcrübəli şahmatçısı Baadur Cobavanı üçüncü lövhəyə gətiriblər. O, komandası üçün xal qazanaraq qələbənin əldə olunmasında əsas rol oynayıb.

Qadın komandası ilk turda Sloveniyanı 4:0 hesabı ilə məğlub edib. Qələbəni Ülyviyyə Fətəliyeva, Gövhər Bəydullayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva təmin ediblər.

İkinci turda qadın komandamız Macarıstanla mübarizə aparacaq. Bu görüşdə də heyətdə dəyişiklik olacaq - Gülnar Məmmədovanı Xanım Balacayeva əvəz edəcək.

Qadınlar arasında ən böyük sürpriz isə Ukrayna və Avstriya arasındakı matçda baş verib: ukraynalılar rəqibə qalib gələ bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Teymur Tuşiyev

İdman.biz