Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatı Azərbaycan boksçuları üçün uğurlu alınıb.
Bunu qadın boksçulardan ibarət millinin baş məşqçisi İlkin Ağayev deyib.
Mütəxəssis qızıl medal qazanan Gülər Hüseynovanın çıxışına toxunub.
“Avropa çempionatı boksçularımız üçün uğurlu alındı. Komanda turniri iki qızıl, iki gümüş medalla başa vurdu. Qadın millimizin üzvlərindən Gülər Hüseynova qızıl medal qazandı. Çox gözəl döyüşdü, gələcəyi parlaq görünən idmançıdır. Digər boksçularımızın da çıxışından razı qaldım. Çox güclü rəqiblərlə qarşılaşdılar. Növbəti yarışlarda da boksçularımızdan uğur gözləyirik”, - deyə o, “Report”a açıqlamasında deyib.
Qeyd edək ki, Azərbaycan boksçuları U-17 Avropa çempionatını dörd medalla başa vurublar. Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) qızıl, Şahin Aslanovla (60 kq) Şükar Əliyev (75 kq) isə gümüş medal əldə ediblər.
