Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Sarxan Əliyev bürünc medal uğrunda rinqə çıxıb.
Təmsilçimiz yarımfinal görüşündə İordaniya boksçusu Eyşaş Ziyadla qarşılaşıb.
Gərgin keçən döyüşdə Əliyev rəqibinə məğlub olsa da, turniri bürünc medalla başa vurub.
21:10
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Qasımzadə yarımfinal görüşünə çıxıb.
Təmsilçimiz Səudiyyə Ərəbistanı boksçusu Tamer Almatrafini ilk raundda vaxtından əvvəl məğlub edərək finala yüksəlib.
Qasımzadə qızıl medal üçün keçiriləcək həlledici döyüşdə rinqə çıxacaq.
20:55
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.
İdman.Biz-in Ər-Riyada ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən Aynur Mikayılova yarımfinal döyüşünə çıxıb.
Təmsilçimiz Fələstin boksçusu Nura Abunabı məğlub edərək finala yüksəlib.
65 kq çəki dərəcəsində çıxış edən Fatimə Mehdiyeva isə bürünc medal uğrunda rinqə çıxıb. Təmsilçimiz Əlcəzair idmançısı İşrak Şaiblə qarşılaşıb və bu görüşdə məğlub olsa da, yarışı bürünc medalla başa vurub.
16:50
VI İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.
İdman.Biz-in Ər-Riyadda ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 80 kq çəki dərəcəsində təmsilçimiz Səidcəmşid Cəfərov yarımfinalda İordaniyalı boksçu Hüseyn Yaşaş ilə qarşılaşıb.

Təmsilçimiz görüşü inamlı şəkildə başa vuraraq qələbə qazanıb və finala yüksəlib.

Final görüşü sabah keçiriləcək və rəqib sonrakı raundların nəticəsinə əsasən müəyyənləşəcək.
