“Rəqibimiz çox güclüdür. Avrokuboklarda ölkəmizi təmsil etmiş komandadır. Bizi çətin oyun gözləyir”.
İdman.biz xəbər verir ki, bunu “Cəlilabad”ın baş məşqçisi Şəhriyar Əsgərov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının VI turunda "Sabah"la oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, ölkə çempionun bütün oyunlarını izləyib, rəqibi yaxşı təhlil ediblər: “Güclü, eyni zamanda, çox geniş heyətləri var. İstər yerli, istərsə də əcnəbi oyunçuları yaxşı mənada seçilirlər. Hər an oyunun müqəddəratını dəyişmək bacarığına malikdirlər. Lakin düşünürəm ki, biz tam gücümüzü ortaya qoya, istədiyimiz oyunu rəqibə diktə edə bilsək, bu oyunda qalib gələ bilərik. Bu niyyətlə də görüşə ciddi hazırlaşmışıq. Rəqib güclü olsa da, biz ancaq qələbə üçün oynayacağıq".
Qeyd edək ki, “Sabah” – “Cəlilabad” görüşü bu gün saat 19:00-da start götürəcək.
İdman.biz