"Şəki"nin baş məşqçisi: "Hədəf ən güclü 8 komanda arasında yer almaqdır"

Xəbərlər
4 Sentyabr 2025 16:39
42
"Şəki"nin baş məşqçisi: "Hədəf ən güclü 8 komanda arasında yer almaqdır"

"Şəki" basketbol klubunun yeni mövsümdə hədəfi ən güclü 8 komanda arasında yer almaqdır".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Bedri Meriç bildirib.

İki gün öncə Şəki komandası ilə müqavilə müddətini uzadan türkiyəli mütəxəssis yer aldıqları A qrupunda çətin mövsüm keçirəcəklərini proqnozlaşdırıb:

"Şəki"də ikinci mövsümü keçirəcəm. Ötən il gözəl mövsüm keçirdik və çempionatı uğurla bitirdik. Amma yeni mövsümdə işimiz bir qədər çətin olacaq. Çünki A qrupunda çox ciddi komandalar var. Onlardan üçü avrokuboklarda çıxış edir. Bununla yanaşı, Gəncə klubu yaxşı heyətə malikdir. NTD ötən il Azərbaycan Kubokuna sahib çıxıb və çox dəyərli baş məşqçiləri var. Milliyə də rəhbərlik edir. Bir sözlə, A qrupunda bizi çətin oyunlar gözləyir. Dürüst olmaq lazımdırsa, qrupda elə də yüksək hədəflərimiz yoxdur. Ən azı pley-off mərhələsinə qədər irəliləmək və "Şəki"ni ən güclü 8 komanda arasına daşımaq niyyətindəyik. Hədəfimiz ötən mövsümə nisbətən kiçik görünə bilər. Amma reallığı nəzərə almaq lazımdır".

Baş məşqçi Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarına görə zalla bağlı çətinliklər yaşayacaqlarını da istisna etməyib: "Oyunçu transferlərini bitirmişik. Yeni basketbolçuların komandaya qoşulmalarını gözləyirik. Bu həftə məşqlərə başlayırıq. Hazırlaşcağıq və əlimizdən gələni edəcəyik. III MDB Oyunlarına görə zalla bağlı çətinliklərimiz var. Bu səbəbdən məşqlərdə çətinliklər yaranacaq və ilk oyunları Bakıda keçirmək məcburiyyətində qalacağıq. Amma ötən mövsümdən çətinliklərə öyrəşmişik. "Şəki" üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, ötən il də "Şəki"ni çalışdıran türkiyəli mütəxəssis iki gün öncə klubu ilə yeni müqavilə imzalayıb.

İdman.biz