“Oyuna ilk dəqiqələrdən qoşulmaq məndə həyəcan yaratmışdı. Azərbaycan çempionatında ilk dəfə belə təcrübə yaşayırdım”.
İdman.biz xəbər verir ki, bunu NTD-INDIQO-nun basketbolçusu Murad Babayev deyib.
Xaçmaz təmsilçisinin gənc oyunçusu Azərbaycan Basketbol Liqasını V tur çərçivəsində “Xırdalan”a 96:86 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib. 30 dəqiqədən çox meydanda olan Babayev bildirib ki, bu, onda həyəcan yaradıb: “Ötən mövsüm NTD-INDIQO-da oynayanda, adətən matçın taleyi həll olduqdan sonra meydana çıxırdım. Bu mövsüm məşqçilərin məndən gözləntiləri böyükdür. Onların etimadlarını doğrultmağa çalışacağam”.
Onun sözlərinə görə, III turdan təxirə salınan oyunda qarşılaşacaqları “Sabah”la dueldə də qələbəyə kökləniblər: “Məşq prosesi davam edir. Düşünürəm ki, çox ağır oyun keçəcək. Meydana qələbə seriyamızı davam etdirmək üçün çıxacayıq. Buna hazırıq”.
Qeyd edək ki, NTD-INDIQO “Sabah”la matça noyabrın 29-da çıxacaq. İki gün sonra isə VI turun oyununda səfərdə “Sərhədçi”nin qonağı olacaq.
İdman.biz