“Abşeron Lions"un basketbolçusu: "Kipr klubu ilə döyüşə hazır olacağıq" - MÜSAHİBƏ

Xəbərlər
29 İyul 2025 12:44
52
“Abşeron Lions"un basketbolçusu: "Kipr klubu ilə döyüşə hazır olacağıq" - MÜSAHİBƏ

Yeni mövsümdə Azərbaycanı basketbol üzrə Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions" komandasının amerikalı oyunçusu Obri Makelpin AZƏRTAC-a müsahibəsi

- “Abşeron Lions” basketbol komandası tarixində ilk dəfə Avropa Kubokunda iştirak edəcək. Təəssüratlarınızı bilmək maraqlıdır...

- Klub rəhbərliyi bizə inandı, Avropa səhnəsində yer almaq üçün böyük addım atdı. Avrokuboklarda oynamaq möhtəşəm hissdir. Biz insanlarda yaxşı təəssürat oyatmaq və özümüzü dünyaya tanıtdırmaq istəyirik.

- Turnirin ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə üz-üzə gələcəksiniz. Şansları necə qiymətləndirirsiniz?

- "Anortosis"lə döyüşə hazır olacağıq. Yaxşı komandamız və məşqçilər heyətimiz var. İnanıram ki, mərhələni keçə bilərik. Bakıya geri döndükdən sonra məşqlərə start verəcək, rəqib haqqında müəyyən analizlər aparacağıq.

- Kipr basketbolu haqqında məlumatınız var?

- Onlar sürətli oyun nümayiş etdirirlər. Kipr komandaları yüksək tempdə oynamağı sevir.

- Yeni mövsümü üçün hazırlıqlara nə vaxt start verəcəksiniz?

- Mən avqustun 13-ü və ya 14-ü Bakıya gələcəyəm. Yəqin ki, bundan sonra toplanışa başlayacağıq. Qarşıdakı həftələrdə "Anortosis"in keçmiş oyunlarını izləyəcəyik.

- Yeni mövsümdə Azərbaycan Basketbol Liqasındakı hədəfləriniz nə olacaq?

- Bütün titulları qazanmaq istəyirik. Əgər bir oyunçunun və ya komandanın məqsədi yoxdursa, niyə mübarizə aparsın? Ötən mövsüm dördüncü olduq. Bu il isə hədəfimiz daha yüksəkdir. Addım-addım irəli getmək niyyətindəyik.

- Azərbaycan və Bakı haqqında fikirləriniz necədir?

- Artıq burada üçüncü mövsümü keçirirəm. Bakı mənim evimdir. Azərbaycanda yaxşı dostlarım var. Ümumiyyətlə, şəhər sakit və rahatdır. Azərbaycan yeməklərini çox bəyənirəm.

İdman.biz