Vitse-prezident: "Onlar üçün əsas hədəf yalnız nəticə deyil, həm də beynəlxalq arenada təcrübə toplamaqdır"

Xəbərlər
28 İyul 2025 11:50
46
Vitse-prezident: "Onlar üçün əsas hədəf yalnız nəticə deyil, həm də beynəlxalq arenada təcrübə toplamaqdır"

“Təbii ki, "Abşeron Lions" və "Neftçi"nin Avropa Kuboku səhnəsində mübarizə aparması Azərbaycan basketbolu üçün çox mühüm və sevindirici hadisədir.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov deyib.

Onun sözlərinə görə, bu, ölkəmizdə basketbola artan marağın və inkişafın da bariz göstəricisidir: "Abşeron Lions"un təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşılaşması təmilçimiz üçün əhəmiyyətli startdır. Yunan basketbol modelini nümunə alan Kipr klubu çətin rəqib olsa da, inanıram ki, düzgün təhlil və oyuna yanaşma ilə bu komandaya qarşı mübarizə aparmaq olar. Əgər növbəti mərhələyə adlaya bilsək, bizi çox güclü komandalar gözləyir. Təkcə İspaniyanın məşhur "Zaraqoza Basket" klubunun adını çəkmək kifayətdir. Digər iki rəqib də öz ölkələrinin aparıcı klublarındandır. Amma biz bu səviyyədə təcrübə qazanmalı və öz oyun fəlsəfəmizi daha da inkişaf etdirməliyik”.

Qurum rəsmisi “Neftçi”nin çox rəqabətli qrupa düşdüyünü söyləyib: “Ağ-qaralar” birbaşa müntəzəm mövsümdən mübarizəyə başlayacaq. "Kalev/Kramo", "Bursaspor" və "Trefl Sopot" kimi komandalar avrokuboklarda böyük təcrübəyə malikdirlər. "Neftçi" üçün bu oyunlar həm sınaq, həm də ciddi bir təcrübə meydanıdır. Klubun son mövsüm Azərbaycan Basketbol Liqasında finala yüksəlməsi və həlledici görüşdə güclü "Sabah"a qarşı layiqli oyun ortaya qoyması bizə müəyyən ümidlər verir. Düşünürəm ki, komandanın yeni təyin olunmuş təcrübəli baş məşqçisi və onun doğru transfer siyasəti sayəsində kollektiv qrupdan çıxmaq uğrunda da mübarizə aparacaq. Ümumilikdə, hər iki klub üçün əsas hədəf yalnız nəticə deyil, həm də beynəlxalq arenada təcrübə toplamaq, oyun keyfiyyətini artırmaq və Azərbaycan basketbolunu layiqincə təmsil etməkdir. İnanıram ki, bu turnir klublarımıza, böyük motivasiya və inkişaf üçün vacib təkan olacaq”.

Qeyd edək ki, Abşeron təmsilçisi ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubunu məğlub edəcəyi halda H qrupunda "Casademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) komandaları ilə mübarizə aparacaq.

"Neftçi" isə I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) təmsilçiləri ilə üz-üzə gələcək.

Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda təşkil olunacaq.

İdman.biz