Rimas Kurtinaytis: "Neftçi"dən çəkinmirik, final seriyası asan olmayacaq" - MÜSAHİBƏ

Xəbərlər
2 May 2025 16:22
286
Rimas Kurtinaytis: "Neftçi"dən çəkinmirik, final seriyası asan olmayacaq" - MÜSAHİBƏ

"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytisin "Report"a müsahibəsi

- Komanda ardıcıl üçüncü dəfə Azərbaycan Basketbol Liqasının finalına yüksəlib. Təəssüratlarınız necədir?

- Mövsümün əvvəlindən məqsədimiz Azərbaycan çempionu titulunu özümüzdə saxlamaq idi. Hazırda buna doğru irəliləyirik. İndiki hədəfimiz isə final seriyasında qalib gəlməkdir.

- Həlledici raundda "Neftçi" ilə üz-üzə gələcəksiniz. Rəqib haqqında nə deyə bilərsiniz?

- "Neftçi" yaxşı komandadır. Bu mövsüm iki ən güclü kollektiv final seriyasında üz-üzə gələcək. Rəqibdən çəkinmirik, onlara hörmətlə yanaşırıq. Finala ciddi hazırlaşmışıq. Bilirik ki, asan olmayacaq. Final seriyasında ilk oyun həmişə çox vacibdir.

- Rəqibinizin finaladək irəliləyəcəyini gözləyirdiniz?

- Digər komandaların yerinə danışa bilmirəm. "Neftçi"də məşqçilər, oyunçular dəyişdi. Mövsümün gedişində fikir bildirmək çətin idi. Deyə bilmərəm ki, onların final seriyasına yüksəlməsi gözlənilməz oldu. Düşünürəm ki, finala layiqdirlər.

- Cari mövsüm turnirin səviyyəsini ötən mövsümlə müqayisə edə bilərsiniz?

- Düşünürəm ki, ötən mövsümlə müqayisədə Azərbaycan Basketbol Liqasının səviyyəsi yüksəlib. Buna səbəb legioner limitinin dəyişdirilməsi oldu. Həmçinin azərbaycanlı basketbolçularda da inkişaf hiss olunur.

- Yerli oyunçulardan söz düşmüşkən, komandanızdakı azərbaycanlı basketbolçulardan razısınız?

- Şirzad Şirzadov və Ramiz Quliyevdə inkişaf hiss olunur. Gənc basketbolçulardan Əlikamran Məmmədov və Aydın İbrahimov da öz üzərlərində çox işləyirlər. İnkişaf var. Onların gələcəyi hələ irəlidədir.

İdman.biz