Qriffin Remmi: “Azərbaycanda xatırlanmaq böyük şərəfdir” - MÜSAHİBƏ

Müsahibə
22 May 2024 10:54
130
Qriffin Remmi: “Azərbaycanda xatırlanmaq böyük şərəfdir” - MÜSAHİBƏ

NTD-İNDİQO-nun basketbolçusu Qriffin Remmi klubunun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, amerikalı legioner mövsümün yekunlarını dəyərləndirib.

- NTD-İNDİQO üçün "Xırdalan"la üçüncü yer uğrunda matçlar necə keçdi?

- Bu mənim komandada ilk mövsümüm idi. Bu baxımdan komandanın ən təcrübəli üzvü deyiləm. Heç vaxt üçüncü yer matçlarında oynamamışam. Yarımfinalda məğlubiyyətdən sonra çətin oldu. Ancaq məşqçilər əla iş gördü və bizi qələbə üçün oynamağa həvəsləndirdilər. Hələ də məyusam. Çempion ola bilmədik, amma fəxr edirəm ki, vahid komanda kimi mübarizə apardıq. Güc tapdıq və güclü bir rəqibə qarşı matçlarda ardıcıl iki qələbə qazandıq.

- Sizcə, yarımfinalda "Xəzri" ilə oyunlarda komandaya finala yüksəlmək üçün nə çatışmadı?

- Bu oyunlarla bağlı çox da danışmaq istəmirəm. Sadəcə uduzduq. Ancaq baxın, hər iki matçda hansı hesabla məğlub olduq? İki oyunun cəmində fərq 7 xal oldu. İkinci oyun overtayma kimi getdi. Düşünürəm ki, finala çıxa bilərdik.

- Komanda və özünüz üçün mövsümü necə qiymətləndirirsiniz?

- Bu klubu təmsil etməkdən qürur duyuram. Mənə NTD-İNDİQO-da oynamaq imkanı verildiyi üçün minnətdaram. Baş məşqçi Tahir Baxşiyev məni həmişə dəstəkləyib. Ona çox minnətdaram. Həm də köməkçi məşqçi Polad Həsənova. Əlbəttə ki, klub prezidenti Bəhram Abdinova da təşəkkür edirəm. Azərbaycanda çox gözəl vaxt keçirmişəm. Buradakı insanlar çox mehribandır. Klubda hamı peşəkar idi. NTD-İNDİQO oynadığım ən yaxşı klublardan biridir.

- Azərbaycana gəlməmişdən əvvəl hansı gözləntiləriniz var idi və onlar nə dərəcədə doğruldu?

- Basketbolun səviyyəsi gözlədiyimdən daha yüksək oldu. Gördüm ki, burada yaxşı oyunçular çoxdur. Bir neçə ildən sonra düşünürəm ki, burada çox güclü liqa olacaq. İndi də liqanın səviyyəsi kifayət qədər yüksəkdir. İnanıram ki, yerli oyunçular daha da inkişaf edəcəklər. Gənc oyunçuların burada böyük perspektivləri var.

- ABL-in ən yaxşı legionerlərindən biri kimi xatırlanacaqsınız və çoxları sizi ən yaxşı hesab edir. Belə rəylərə münasibətiniz necədir?

- Bu mənim üçün böyük şərəfdir. Hər kəsə minnətdaram. Öz üzərimdə çox çalışıram. Ancaq bunu çempionluğu qazanmaq və özümdən məmnun olmaq üçün edirəm. Çoxları bunu görmür. Hər gün səhər tezdən zala gəlirdim. Məhəmməd Hüseynli və Maqsud Hümmətov mənimlə gəldilər. Hər səhər idman zalında məşq edirdik. Şadam ki, gənc oyunçulara kömək edə bildim.

- Növbəti mövsüm üçün planlarınız varmı?

- Hazırda heç bir planım yoxdur. Hər şeyi zaman göstərəcək.

İdman.biz

Məqalədə: