Vüqar Əzimov: “Finaldan sonra nə etdiyimizi videolardan gördük” - MÜSAHİBƏ

Müsahibə
16 Aprel 2024 11:47
Vüqar Əzimov: “Finaldan sonra nə etdiyimizi videolardan gördük” - MÜSAHİBƏ

“Biz yarışlara əsasən yaxşı başlamırıq”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində deyib.

O, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirində lisenziya şərh edib: “Çili yığması ilə ilk matçda onların oyunçularının zədələnməsi bizim xeyrimizə bitdi. İkinci oyun Monqolustan komandasına qarşı gərgin keçdi. Həmin matçda Tiffani Heys zədələndi, bu səbəbdən onu Niderlandla qarşılaşmada meydana buraxmadıq. Çünki riski var idi, əgər zədəli oynasa idi, yarımfinala çıxa bilməyəcəkdi. Finaldan sonra nə etmişik, xəbərimiz olmayıb. Hər şeyi sonradan videolardan gördük. Maksimum hər şeydən istifadə etdik. Federasiyanın qarşısında duran əsas məqsəd Honkonqdakı turniri qazanmaq idi. Çox şadıq ki, biz arzumuza çatdıq”.

- Yarımfinalda Polşa yığmasına deyil, Niderlanda qarşı mübarizə aparsaydız, yenə də lisenziya qazanıla bilərdi?

- ⁠Yarımfinalda məhz Niderlandla qarşılaşmaq istəyirdik. Son Avropa çempionu olsalar da, oyun üslubumuza daha münasib bir yığmadır. Amma Polşa millisi ilə qarşılaşdıq və istədiyimiz nəticəni əldə etdik.

- ⁠Paris-2024 Yay Olimpiya Oyunlarına da eyni heyətlə qatılacaqsız, yoxsa hansısa dəyişik olacaq?

- ⁠Bu çox aktual sualdır. Dünəndən demək olar ki, bütün jurnalistlər bu sualı mənə ünvanlayıblar. Komandamızda 5 nəfər var. Onlardan 4-ü Parisə yollanacaq. Təbii ki, bu, son yarış deyil. İyunun əvvəlində Qəbələdə dünya turu keçiriləcək. Məşqçilər heyəti həmin anda hansı basketbolçunu uyğun görsə, heyəti elə orda da açıqlayacaq.

- ⁠Dünya turu keçən ildən fərqli, şimal bölgəsində keçiriləcək. Qəbələ, Quba, Bakı və s. Bunun səbəbi nədir?

- ⁠Bu dəyişikliyin əsas səbəbi basketbol idman növünü bölgələrdə yayılması, kütləviliyin təmin edilməsi, xüsusilə də uşaqların bu idman növünə olan maraqlarının artırılmasıdır.

Qeyd edək ki, millimiz Olimpiya Oyunlarında komanda yarışında ilk dəfə təmsil olunacaq.

Banuçiçək Hüseynli
İdman.biz