Vüqar Əzimov: "Çili ilə matç bizim üçün çox önəmli idi"

Müsahibə
12 Aprel 2024 14:10
138
Vüqar Əzimov: "Çili ilə matç bizim üçün çox önəmli idi"

"Qələbə ilə start bizim üçün çox önəmli idi. Bu, bir psixoloji faktordur".

Bunu İdman.bizə Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov deyib.

Honkonqda Olimpiya Təsnifat Turnirində yığmamızın Çilini 17:14 hesabı ilə məğlub etdiyi oyunu canlı izləyən ABF rəsmisi qələbəni şərh edib. O bildirib ki, komanda üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib: "Xüsusi ilə Tiffani Hayes yaxşı oyun göstərdi. Düzünü desək, bu matç bizim üçün çox önəmli idi. Bundan sonra gərginlik azalacaq və yəqin ki, sabah daha yaxşı oyun nümaiş etdirəcəyik".

Niderlandın Monqolustanı 20:7 hesabı ilə məğlub etdiyi matçı da arenadan izləyən Əzimov rəqibləri dəyərləndirib: "Son Avropa çempionu olan Niderlandın fiziki durumu yaxşı formadadır, uzun müddət birgə oynadıqları üçün bir-birilərini çox yaxşı başa düşürlər. Monqolustan isə çox sürətli komandadır. Baş məşqçimiz qızları bu komandalara qarşı düzgün taktika ilə hazırlaşdıracaq. Sabahkı oyunlardan birini udsaq, qrupdan çıxacağıq. Amma 2 matçda da qalib gəlib digər qrupun 2-cisi ilə qarşılaşmaq istəyirik. Əsas məqsədimiz burda keçirilən turnirdə qələbə qazanıb Olimpiya Oyunlarına lisenziya qazanmaqdır".

Qeyd edək ki, millimiz növbəti oyunlarını aprelin 13-də keçirəcək. Yığmamız Monqolustan və Niderlandla üz-üzə gələcək.

Emin Ağa
İdman.biz