“Sona qədər mübarizə aparmaq lazımdır”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunun baş məşqçisi Teymur Hüseynov deyib.
Azərbaycan Premyer Liqasının XV turunda “Şəki”ni məğlub edən komandanın çalışdırıcısı müdafiə xəttindəki problemlərdən danışıb: "Mərkəz oyunçumuz Celon Endryus zədəli olduğundan Roderik Smitə bütün oyunu meydanda olmaq çətin idi. Buna baxmayaraq, yaxşı oynadıq. Matçın gedişində 25 xal fərqilə öndə idik, uşaqlara dedim ki, bu rəqəmi 30-a qaldırın, amma bunu bacarmadıq. Əksinə, fərq azaldı. Hər halda, yorğunluq öz sözünü dedi. Ümumilikdə, uşaqlardan razı qaldım. Müdafiə xəttində müəyyən problemlər oldu. Amma hər şey istədiyimiz kimi yekunlaşdı. Matçın sonlarında da bu mövsüm ilk dəfə çempionatda 3 yerli basketbolçunu eyni vaxtda oyuna saldıq. Uşaqlara şans vermək lazımdır. Pley-offa vəsiqə qazanmaq üçün qarşıdakı 3 oyunda da qalib gəlməliyik".
Qeyd edək ki, “Sumqayıt” “Şəki”ni 98:83 hesabı ilə məğlub edib.
İdman.biz