Konstantinos Vasiliadis: “Avropa Kubokuna sadəcə iştirak etmək üçün gəlməmişik”

1 Oktyabr 2026 03:22
93
Konstantinos Vasiliadis: “Avropa Kubokuna sadəcə iştirak etmək üçün gəlməmişik”

“Neftçi”nin baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun təsnifat mərhələsinin cavab oyununda Estoniyanın “Parnu” komandasına 61:73 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, bakılılar bu nəticəyə baxmayaraq, iki oyunun yekununa əsasən turnirin qrup mərhələsinə vəsiqə qazanıblar.

“Bir tərəfdən, qrup mərhələsinə yüksəldiyimiz üçün məmnunam, amma digər tərəfdən, bugünkü oyunumuzun məni qane etdiyini deyə bilmərəm. Komanda matça lazımi səviyyədə köklənə bilmədi, meydandakı oyunçuların qarşılıqlı anlaşması isə istədiyim səviyyədə deyildi”, – deyə Vasiliadis bildirib.

Mütəxəssis ilk görüşdən sonra əldə edilən 13 xallıq üstünlüyün komandanın matça köklənməsinə təsir etməməli olduğunu vurğulayıb.

“Biz bilirdik ki, bu matç asan keçməyəcək. İlk oyundan sonra 13 xallıq üstünlüyümüzə baxmayaraq, məqsədimiz həmişə meydana qələbə üçün çıxmaqdır. Təəssüf ki, bu gün bütün oyunçularım onlardan gözlədiyim basketbolu nümayiş etdirmədilər”.

Vasiliadisin sözlərinə görə, məşqçilər korpusu komandanın psixologiyası və oyunlara münasibəti üzərində ciddi işləməlidir.

“Oyunçular başa düşməlidirlər ki, yüksək səviyyədə çıxış etmək üçün hər matçda maksimum mübarizə aparmaq və həm müdafiədə, həm də hücumda komandaya fayda vermək lazımdır. Bu gün hücumda çoxlu imkanlardan istifadə edə bilmədik. Bu da müəyyən epizodlarda konsentrasiyanın kifayət qədər olmadığını göstərir”.

Baş məşqçi növbəti görüşlərdə digər basketbolçulara daha çox oyun vaxtı verilə biləcəyini də istisna etməyib.

“Komandanı bundan sonra necə inkişaf etdirəcəyimizi təhlil etməliyik. Digər oyunçulara daha çox oyun vaxtı vermək imkanını da nəzərdən keçirəcəyəm. Düşünürəm ki, onlar komandaya əlavə enerji qata və fayda verə bilərlər”.

Vasiliadis “Neftçi”ni növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib və komandanın qarşısında duran məqsədlərin bununla bitmədiyini vurğulayıb.

“Qarşıda bizi daha yüksək səviyyəli rəqiblər və daxili çempionat gözləyir. Ona görə də qarşıdakı matçlara maksimum səviyyədə hazır olmalıyıq. Biz bu turnirə sadəcə iştirak etmək üçün gəlməmişik. Məqsədimiz mümkün qədər çox qələbə qazanmaq və yüksək nəticələr əldə etməkdir”, – deyə o, sözlərini yekunlaşdırıb.

İdman.Biz