“Sabah”ın baş məşqçisi Lazar Spasiç Azərbaycan Basketbol Liqasının (ABL) ilk turunda “LANDAU Lions” üzərində 84:74 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, serbiyalı mütəxəssis oyunçularının sona qədər mübarizə aparmasından və komanda şəklində çıxış etməsindən razı qaldığını bildirib.
“Bu oyunda qələbə bizim üçün vacib idi. Oyunçularımızın sona qədər mübarizə aparmasından, xarakter nümayiş etdirməsindən və komanda olaraq bir olmasından razı qaldım. Rəqib çox intizamlı müdafiə olunurdu. Son 10 dəqiqədə oyunumuzu xüsusilə bəyəndim. Oyunun əvvəlində müəyyən həyəcan var idi.
Hakimlərə gəlincə, onlar basketbolun inkişafında çox vacib rol oynayırlar. Mən onlardan gələcəkdə daha da inkişaf etmələrini və qarşıdakı böyük inkişaf prosesinin bir hissəsi olmalarını gözləyirəm”.
Spasiç ABL-də bu mövsüm rəqabətin yüksək olacağını düşünür.
“Təşkilatçılıq və ab-hava əla idi. Gördüklərimə əsasən düşünürəm ki, bizi rəqabətli liqa gözləyir. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Tribunada çoxlu insan görəndə xoşbəxt oluram. Ümid edirəm ki, azarkeşlərimiz bizi hər oyunda bu cür dəstəkləyəcəklər. Bizim işimiz oyunları qazanmaq və onlara sevinc bəxş etməkdir”, – deyə baş məşqçi əlavə edib.
