Türkiyə baş məşqçisi “Neftçi” üzərində qələbənin sirrini açıqlayıb

11 Yanvar 2024 10:23
520
Türkiyə baş məşqçisi “Neftçi” üzərində qələbənin sirrini açıqlayıb

“Neftçi” ilə yaxşı oyun oldu, onlar da mübarizə apardılar”.

İdman.biz xəbər verir ki, bunu "Xəzri" basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Debütantın türkiyəli çalışdırıcısı Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Neftçi”yə 86:84 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. O bildirib ki, bu matçdan əvvəl legionerlərlə bağlı problem yaşayıblar: “Bayrama görə ölkələrində idilər. Geri qayıtmaqlarında biletlə bağlı problem yarandı. Məsələn, Mark Vital oyun günü səhər saatlarında gəlib çatıb. Cordon Perkins bir gün əvvəl axşam bizə qoşulub. Ötən həftə məşqlərə beş oyunçu ilə başlamışdıq. Onlarla taktiki çalışmalar edə bilmədik. Oyunöncəsi məşqə belə tam heyətlə çıxmamışdıq”.

Dikmənin sözlərinə görə, düzgün taktika sayəsində qələbə qazanıblar: “Paltardəyişmə otağında oyunçulara dedim ki, bizim sistemimiz, proqramımız var, bir-birimizə öyrəşmişik, onu hər dəfə edəcəyik. Sadəcə tempi yüksəltmək lazım deyil. Çünki bunu etsək, yorularıq, oyunun sonunu gətirə bilmərik. Tempi aşağı salıb, oyunumuza davam etmək istədik. Bunu da bacardıq. Üçüncü periodun ortasında “Neftçi” müdafiədə enerjisini itirdiyi anda biz tempi artırdıq. Belədə fərq 17 xala kimi yüksəldi. Amma xal fərqi bizə rahatlıq gətirdi, yalnış qərarlar verdik, sadə top itkilərinə yer verdiyimiz anda da rəqib oyunu sona qədər aparmağı bacardı. Komandamız sonlarda çox yorğun idi. Ona görə də, sadə toplar itirdik. İkili mübarizələrdən topu çıxara bilmədik. İstənilən halda, sakit qalıb, ağıllı oynadıq. Qəribə sonluq oldu. Kamran Məmmədovun ardıcıl üçlükləri oyunu haralara gətirdi. Ötən qarşılaşmada da belə olmuşdu. Xal fərqi 18-ə yüksəlmişdi. Amma rəqib bunu aradan qaldırmışdı. Əsas olan qələbə idi”.

Qeyd edək ki, bu qələbədən sonra xalını 18-ə çatdıran “Xəzri liderliyə yüksəlib.

İdman.biz

Məqalədə: