Misli Premyer Liqasının altıncı turunda “Kəpəz”lə 1:1 hesablı heç-heçədən sonra “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə stadiondakı atmosferi yüksək qiymətləndirib, lakin oyun zamanı tribunadan hakim fitinə bənzər səslərin gəlməsindən narazılığını bildirib.
“Əslində sözüm rəqib komandaya və stadion rəhbərliyinə idi. Çox yaxşı atmosfer, möhtəşəm stadiondur. Amma siz də gördünüz ki, oyunun gedişində bir neçə dəfə kənardan kimsə hakim fitinə bənzər səs çıxarırdı. Bu, futbolçularımın bir neçə dəfə hücumun kəskin fazasında oyunu dayandırmasına səbəb oldu. Məncə, bu, təkcə bizə və ya rəqib komandaya yox, ümumiyyətlə, futbola qarşı hörmətsizlikdir. Futbolun inkişafını istəyiriksə, ilk növbədə futbola hörmət etməliyik”.
Kandido komandasının çıxışından ümumilikdə razı qaldığını deyib:
“Məncə, komandamız inkişaf edir, oyunumuzu yaxşılaşdırırıq. Belə atmosferdə oynamaq asan deyil. Üstəlik, qarşımızda çox çətin və təhlükəli rəqib var idi. Onların bir neçə çox sürətli futbolçusu var. Futbolçularım sakit qaldıqları zaman fərdi keyfiyyətlərini göstərə bilirlər”.
Baş məşqçi ilk hissədə “Sumqayıt”ın rəqib müdafiəsində boşluqlar tapdığını və bundan yararlandığını vurğulayıb:
“İlk hissədə bir neçə boşluq tapdıq, hücumlar qurduq və bunun nəticəsində qol da vurduq. Düşünürəm ki, bu oyunda qələbə də qazana bilərdik”.
Kandido hakim qərarlarını isə şərh etmək istəməyib:
“15 il əvvəl Portuqaliyada məşqçilik karyerama başlamışam və bu günə qədər hakimlər, onların qərarları barədə danışmıram. Həmin epizodla bağlı qərarı və rəyi sizə buraxıram. Məşqçi kimi bununla bağlı fikir bildirmək istəmirəm”.
Mütəxəssis Azərbaycan futbolunun inkişafı üçün bəzi məsələlərin dəyişməli olduğunu da qeyd edib:
“Bir neçə aydır Azərbaycandayam. Şəxsi fikrim budur ki, ölkəyə yaxşı məşqçilərin və yaxşı futbolçuların gəlməsini, ümumiyyətlə, futbolun inkişafını istəyiriksə, bəzi şeylər fərqli olmalıdır”.
