“Qalatasaray”da oynayan futbolçumuz: “Yığma ilə yenə tarix yazacağıq, buna inanıram” - MÜSAHİBƏ

Xəbərlər
5 Dekabr 2023 10:53
1 320
“Qalatasaray”da oynayan futbolçumuz: “Yığma ilə yenə tarix yazacağıq, buna inanıram” - MÜSAHİBƏ

“Qalatasaray”ın şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlakın İdman.biz saytına müsahibəsi

- Türkiyə Superliqasında əzəli rəqib “Fənərbaxça” ilə matçda zədələnmisiz. Səhhətinizlə bağlı son vəziyyət nə yerdədir?

- Hazırda durumum yaxşıdır. Böyük ehtimalla bu həftə əməliyyat olacam. Artıq müəyyən müddətdir ki, zədəliyəm. Lakin buna baxmayaraq, fiziki cəhətdən bir sıra məşqlər etmişəm.

- Əməliyyatdan sonra 9 ayadək meydandan qala biləcəyini deyilir. Sonra formanızı bərpa etmək çətin olmayacaq?

- Ən qısa zamanda meydanlara qayıtmaq üçün əlimdən gələni edəcəm. Çox güclü şəkildə yenidən formamı bərpa edəcəm. Buna hamı şahid olacaq.

- Millətlər Liqasında Kipr oyunda komandada deyildiz. Futbolçularımızın qrup birinciliyini və B divizionuna vəsiqəni təmin etdiyi oyunu izlədizmi?

- Komandamız Kipr yığması ilə oynadığı zaman yayında texniki səbəblərdən problem yarandı. Bu səbəbdən də görüşü tam izləyə bilmədim. Amma matçın hesabına onlayn saytlarda baxırdım. Qarşılaşmanın videoyazısını isə sonrada izlədim və komanda yoldaşlarımla bu barədə müzakirələr apardıq.

- Səfərdə qazanılan qələbəni necə şərh edərdiz?

- Bu, gözlənilən bir nəticə idi. Yığmamızın bu qrupda məğlub edə bilməyəcəyi bir komanda yox idi. “Dördlüy”ün ən yaxşısı biz idik. Hər keçən gün qələbələrimizin sayını artırmağa davam edəcəyik. Kiprlə matçda tarix yazdığımız kimi qarşıdakı oyunlarda da bunu edəcəyik. Buna sonuna kimi inanırıq.

- Yəni, bu uğurun davamını güclülərin oynayacağı B divizionunda gətirmək çətin olmayacaq?

- Təbii ki, uğurun davamı gələcək. Hər zaman özümüzə yaraşan bir tərzdə qələbə qazanacağıq. Komandamıza çox güvənirəm. Bütün yarışlarda hər bir futbolçumuz bol uğurlar arzulayıram.

- Bu gün yığmamız Farer adaları ilə qarşılaşacaq. Oyundan gözləntiniz nədir?

- Qrupun son matçını evimizdə oynayıb, qələbə qazanacağıq. Düşünürəm ki, bu oyun çox maraqlı, şən və ən əsası fərqli keçəcək. Qarşılaşmanın xeyrimizə yekunlaşacağına inanıram.

Banuçiçək Hüseynli
İdman.biz