Qadın futbolçularımızın uğur hekayəsi – TƏHLİL

Təhlil
2 Dekabr 2023 13:36
1 030
Qadın futbolçularımızın uğur hekayəsi – TƏHLİL

Millətlər Liqasında C divizionunun V turu çərçivəsində səfərdə Kipr üzərində 1:0 hesabı ilə qələbə qazanan qadınlardan ibarət Azərbaycan yığması futbolumuz adına yeni tarix yazıb.

İdman.biz xəbər verir ki, millimiz bu qələbə sayəsində son oyunun nəticəsindən asılı olmayaraq qrup liderliyini və B divizionuna vəsiqəni rəsmiləşdirib.

Məğlubiyyətsiz 8 oyun

Yığmamız azarkeşlərini sevindirməklə yanaşı, təəccübləndirib də desək, yanılmarıq. Çünki Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 8 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Millətlər Liqasında 4 qələbə qazanıb, 1 heç-heçə edən futbolçularımız 3 yoldaşlıq görüşündən də bərabərliklə ayrılıb. C divizionda keçirdiyi oyunlarda isə 8 dəfə fərqləndiyi halda, qapısında cəmi 2 top görüb.

DÇ-2023-dən sonra sıçrayış

Millətlər Liqasından əvvəl yığmamız DÇ-2023-ün seçmə mərhələsində çıxış edib. Qızlarımız 5 komandanın yer aldığı E qrupunda 7 xal qazanıb. Top fərqi də əleyhimizə olub – 5-16. Bu göstərici komandamızı qrup 4-cüsü edib.

Burada bizi qabaqlayan rəqiblərimizdən biri Monteneqro yığması olub ki, artıq onları geridə qoymağı bacarmışıq. Rəqib həmin vaxt isə komandamızı 2 xalla qabaqlamışdı. Millətlər Liqasının A divizionunda mübarizə aparan Danimarka 24 xalla 1-ci, B divizionunda yer alan Bosniya Herseqovina isə 11 xalla ikinci yeri tutmuşdu. Təbii ki, bu qrupda Malta ilə eyni 7 xala sahib olmaq gələcəyə nikbin baxmağa böyük ümid verirdi. Uğurlu çıxış üçün Millətlər Liqası isə Azərbaycan üçün əsl fürsət oldu.

Uğurun sirri
Düzdür, baş məşqçi Siyasət Əsgərov hazırda Azərbaycan qadın futbolu çempionatının səviyyəsini bəyənmir, ürəkaçan vəziyyətdə olmadığı qənaətindədir. Lakin yığmamızın heyətinə nəzər yetirdikdə, uğurlu çıxışın əsas açarının legioner həyatı yaşayan futbolçularımızın olduğu xüsusi vurğulanmalıdır. Oyunçularımızın əksəriyyəti Türkiyədə, Rusiyada, Qazaxıstan və Yunanıstanda karyeralarını davam etdirirlər. Daim öz komandalarda forma şansı qazanmaq onların oyun praktikasını bir qədər də artırır.

Uğurlu çıxışın digər səbəbi komanda şəklində, kompakt mübarizədir. Kollektivdə konkret kimisə fərdi şəklində fərqləndirmək mümkün deyil. Bir nöqtəyə və bir hədəfə köklənmə isə sabahı işıqlı edir.

Elə Millətlər Liqasında qol vuranlara nəzər yetirsək, komanda mübarizəsinin bariz nümunəsini görərik. Manə Mollayeva və Nazlıcan Parlak 2 dəqiq zərbə ilə yadda qalıblar. Digər qollarımıza isə fərqli futbolçular imza atıb. Kristina Bakaradze, Ayşən Əhmədova, Sevinc Cəfərzadə və Diana Məmmədova fərqləniblər.
Təbii ki, Siyasət Əsgərov amilini unutsaq haqsızlıq olar. 2010-cu ildən Azərbaycanın müxtəlif yaş qruplarından ibarət milli komandalarını çalışdıran mütəxəssis futbolçuları çox yaxşı tanıyır.

2022-ci ildən Türkiyənin "Fomget" klubunda əvvəlcə idman direktoru, daha sonra isə baş məşqçi olması da Əsgərovun xeyrinə işləyib. Nəticədə təcrübəsi hesabına komandanın gücünü ortaya qoya bilib.

Komandaya B divizionunda qiymət veriləcək

Artıq millimizi daha çətin sınaq gözləyir. Dekabrın 5-də Farer adaları ilə matçdan sonra C divizionunda mübarizə yekunlaşacaq. Bir mərtəbə üst liqada isə daha güclü rəqabət olacaq. Şotlandiya, Portuqaliya, Uels, İsveçrə kimi Avropanın güclü komandaları ilə qarşılaşacağıq. Yalnız yığmamızın B divizionunda çıxışından sonra qadın futbolunun ölkəmizdə yeni və yüksək mərhələyə nə dərəcədə qədəm qoyduğu dəqiq görünəcək.

Emin Ağa
İdman.biz