Rusiya çempionatının gümüş mükafatçısı Azərbaycan millisində oynamaq istəyir - MÜSAHİBƏ - FOTO

Müsahibə
28 Noyabr 2023 17:57
303
Rusiya çempionatının gümüş mükafatçısı Azərbaycan millisində oynamaq istəyir - MÜSAHİBƏ - FOTO

"İnanıram ki, minifutbolla məşğul olanlar böyük futbolda oynamağa kifayət qədər qadirdirlər. Bu baxımdan, dünyanın ən yaxşı oyunçularından nümunələr var - Luiş Fiqu, Neymar, Filipp Koutinyo və bir çox belə keçidlər saymaq olar. Azərbaycan klublarını götürsək, Abdullah Zubirin adını çəkə bilərik".

Bunu İdman.bizə I Liqada çıxış edən “Difai-Ağsu” ilə yeni müqavilə imzalayan Həsənəli Rəhimov deyib.

Minifutbol üzrə Rusiyada çempionatında gümüş medal qazanan həmyerlimiz keçidini dəyərləndirib, gələcək karyerasından danışıb.

- Rusiyada minifutbol üzrə yerli çempionatda oynamısız. Azərbaycanın “Difai-Ağsu” komandasına keçidinizi nə ilə əlaqələndirərdiz?
- Uşaqlıqdan böyük futbol oynamaq istəyirdim. Amma şimalda - Surqut şəhərində yaşadığım və orada futzal inkişaf etdiyi ucun 6 yaşımda böyük qardaşım məni yerli SDYUSŞOR “Neftyanik” minifutbol klubuna aparıb. Orada Ruslan Xaybullinin rəhbərliyi altında məşqlərə başladım. Komandaya gələndən, demək olar ki, dərhal kapitan oldum. 2020-ci ildə biz tarix yazdıq – “Neftyanik” ilk dəfə Rusiya çempionatının gümüş medalını qazandı. Sonradan finalda bizi 5:4 hesabı ilə məğlub edən Nijni Novqorodun “Torpedo" komandası mənə təklif göndərdi və onların şərəfini qorumağa başladım.

- Portuqaliyalı futbolçu Luiş Fiqonun adını çəkdiniz, minifutbolun ona müxtəlif bacarıqlar öyrətdiyini bildirdiz. Bu idman növü ilə bağlı başqa nə demək olar?
- Minifutbol texnikanın, qərar qəbuletmə sürətinin və məhdud məkanda hərəkətlər etmək bacarığının inkişafına kömək edir.

- Bəs Ağsu komandasına gəlişiniz necə oldu?
- Rusiyada yaşasaq da, valideynlərimiz bizə uşaqlıqdan Azərbaycana sevgi aşılayıblar. Bu səbəbdən də yerli klubda oynamaq istəyirdim. Komandanın ümumi mühiti, məşq prosesinin necə getdiyi, futbolçularla münasibəti xoşuma gəldiyi üçün “Difai-Ağsu”nu seçdim. Baş məşqçimiz Elgiz Kərimli həm də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında baş məşqçinin köməkçisidir. Rus məktəblərində olduğu kimi, hər bir futbolçuya fərdi yanaşma xoşdur. Klub prezidenti Asəf Məlikov gərgin iş qrafikinə baxmayaraq, hər məşqdə iştirak edir, onların yanaşması sayəsində “Difai” çox mehriban kollektivə malikdir.

- Mövsümdə hədəfləriniz nədir?
- Hazırda komandanın turnirdəki mövqeyi bizi qane etmir. İndi "Difai- Ağsu" turnir cədvəldə irəliləmək üçün yeni oyunçularla güclənir. Bu bizim məqsədlərimizdən biridir. Əsas hədəfim isə yaxın vaxtlarda Azərbaycan millisində oynamaqdır.

Şəbnəm Rəhimova

İdman.biz