Zaur Ramazanov: “Biabırçılıqdır, Murad Musayev birmənalı şəkildə çıxıb getməlidir”

31 Yanvar 2024 13:06
2 437
Zaur Ramazanov: “Biabırçılıqdır, Murad Musayev birmənalı şəkildə çıxıb getməlidir”

"Azərbaycan kubokunun oyunları ilə bağlı nəsə proqnoz vermək çətindir".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov deyib.

O, Azərbaycan kubokunun 1/4 mərhələsi çərçivəsində keçirilən ilk matçları şərh edib. Ramazanov bildirib ki, “Zirə”yə 1:2 hesabı ilə uduzan “Səbail”in səfər oyunu çox çətin keçəcək: Məncə, cavab matçında da Rəşad Sadıqovun komandası qələbə qazanacaq. Çünki “Səbail” bir neçə matçdır ki, qalib gələ bilmir”.

Veteran futbolçu “Qarabağ”a 1:7 hesabı ilə uduzan “Sabah”ın baş məşqçisi Murad Musayevin çoxdan vəzifəsindən getməli olduğunu deyib: “Onun yerinə hansısa yerli mütəxəssis olsaydı, bu qədər uğursuz seriyadan sonra çoxdan göndərmişdilər. Musayev birmənalı şəkildə çıxıb getməlidir. 1:7 hesablı nəticə biabırçılıqdır”.

Ramazanov Azərbaycan kubokunun bu gün baş tutacaq “Sumqayıt” – “Neftçi” və “Araz Naxçıvan” – “Qəbələ” matçı barədə isə danışmaq istəməyib. Onun sözlərinə görə, dəfələrlə kubok matçlarında söylədiyi fikirlər və düşündüyü nəticə yekun hesabla üst-üstə düşməyib.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz