“Maaşlar az idi, bonuslarla yaşayırdıq. "Spartak"ın mükafatları "Dinamo" ilə müqayisədə qat-qat çox idi”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.
O, Rusiyanın “sport24” saytına müsahibəsində “Spartak”da karyerasının uğursuz alınmasının səbəblərini açıqlayıb. Moskva klubunda cəmi 6 oyunda meydana çıxan veteran futbolçu bildirib ki, çempionatın ilk dörd turunda transfer hüquqları “Neftçi”yə məxsus olduğu üçün o forma şansı qazanmayıb: “Əgər startdan heyətdə olsaydım, o zaman hər şey başqa cür olardı. Böyük ehtimalla daima “11-lik”də oynayardım. Amma Besçastnıx qol vurmağa başladı, ona görə də heyətə tez-tez düşmədim”.
Uğursuzluqdan sonra Qasımov çempionatın ortasında "Dinamo"ya transfer olunub. O, bu komanda ilə “Spartak”ı da müqayisə edib: “Spartak”da qələbəyə görə təxminən 500 dollar, “Dinamo”da isə 250 dollar verirdilər. Halbuki klublarda maaşlar eyni idi: 2-3 min rubl. Müasir futbolçular kimi çox pul almamışıq. Ancaq bəlkə də “Dinamo”nun yeganə mənfi cəhəti bu idi. Onların daha çox üstünlükləri var idi. İlk olaraq yeni klub futbolçuya dəbdəbəli şərait yaradırdı. "Dinamo" mənə Moskvada mənzil, daha sonra avtomobil verdi. Səhv etmirəmsə, “Volvo” idi. Həmin vaxt İspaniyaya yollandığım üçün avtomobili almadım”.
Qeyd edək ki, Qasımov “Dinamo”da 17 oyuna 17 qol vuraraq çempionatın bombardiri adını qazanıb.
İdman.biz