“Yalnız müsbət xatirələrlə… Karyeramın ən gözəl dövrlərindən biri idi”.
Bunu “Sabah”dan ayrılan bosniya və herseqovinalı müdafiəçi Boyan Letiç futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– “Sabah”dan ayrılmağınız necə baş verdi? Bu barədə nə düşünürsünüz? Axı, siz komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçu idiniz.
– Bu sual mənlik deyil, kluba ünvanlanmalıdır. Nə baş verdiyini sizə məhz onlar izah etməlidirlər.
– Ümumilikdə, Azərbaycandan hansı xatirələrlə ayrıldınız?
– Yalnız müsbət xatirələrlə… Karyeramın ən gözəl dövrlərindən biri idi. “Sabah”da və Bakıda keçirdiyim zamanı həmişə xoş xatirələrlə yad edəcəyəm. 6 ay üçün gəlmişdim, amma 4 il qaldım – bu da hər şeyi izah edir. Bakı mənim üçün ikinci ev olaraq qalacaq.
– Azərbaycana gələndə mövqeyinizdə ən yaxşı oyunçulardan biri idiniz. Sonradan isə eniş oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
– Bunu əsasən son ilə aid etmək olar. Həmin vaxtdan oyun vaxtım azalmağa başladı. Məşqçi dəyişiklikləri böyük təsir göstərə bilər, çünki hər məşqçinin öz sistemi var – bəzisi sənə uyğun gəlir, bəzisi yox. “Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar” klubunu çalışdıran Murad Musayevlə olan “Sabah”la sonrakı “Sabah” eyni deyildi. Düzünü desəm, Murad Musayev gedəndə mən də klubdan ayrılmaq istəyirdim, amma ondan iki həftə əvvəl müqaviləni uzatdığım üçün bu, mümkün olmadı.
– Tez-tez baş məşqçi dəyişiklikləri sizin karyeranıza nə kimi təsir edirdi?
– Deyərdim ki, əsas səbəblərdən biri müdafiə sistemi idi. Hətta Krunoslav Renduliçin vaxtında (o, müdafiə üzrə məşqçi idi) ən yaxşı statistik göstəricilərim olmuşdu. Düşünürəm ki, güclü tərəflərimdən düzgün istifadə etmirdilər. Murad Musayev getdikdən sonra isə motivasiyamı da qismən itirdim.
– Bu il “Sabah” yaxşı təsir bağışlayır və Premyer Liqada liderdir. Sizcə çempion ola bilərlər?
– Onlara yalnız uğurlar arzulayıram.
– Yenidən Azərbaycandan təklif alsanız, oynamağa hazırsınız?
– Bunu əvvəlcədən bilmək olmaz.
