“Çətin və maraqlı oyun oldu. İki dəfə hesabda geri düşsək də, bərabərlik yarada bildik”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi”yə uduzan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.
Tovuz klubunun çalışdırıcısı rəqib komandanın qapıçısının çıxışını fərqləndirib. Abbasov oyundan razı qalsa da, nəticə qazana bilmədiklərini bildirib: "Hər qoldan sonra biz hesabda önə keçə bilərdik. Yüz faizlik imkanlarımız oldu. Rəqibin qapıçısı yaxşı oynadı. Məncə, bu gün ustalıq qalib gəldi. Ümumən oyun planımız ümid verir. Son oyunları götürsək, "Qəbələ" ilə oyunu çıxmaq şərti ilə bütün oyunlarda rəqibdən üstün olmasaq da başa-baş mübarizə aparmışıq. Davam etmək lazımdır. Mövsümün əvvəlində bilirdik ki, çətin olacaq. Oyundan-oyuna yaxşılığa doğru gedirik, bir nəticə qazana bilmirik. İndi elə məqamdır ki, təslim olmaq olmaz. Ruhdan düşsək həqiqətən bizə çətin olar. Futbolçuların arxasındayıq. Bərabər bu vəziyətdən çıxacağıq, xallar qazanmaq lazımdır. Qarşıda çətin oyunlar var. Sona qədər bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildiririəm".
Qeyd edək ki, “Turan Tovuz” səfərdə “Neftçi”yə 2:3 hesabı ilə uduzub.
İdman.biz