Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevanın İdman.biz saytına müsahibəsi
- Azərbaycan yığması Millətlər Liqasında mövsümü başa vurdu. Qrup mərhələsinin son matçında Farer adaları ilə oyunu necə dəyərləndirirsiniz?
- Bu komanda ilə oyun bizim üçün çətin keçdi. Bunun əsas səbəbi biri hava şəraitinin soyuq keçməsi, eyni zamanda rəqibin yalnız müdafiə olunması idi. Demək olar ki, rəqibimiz qarşılaşma zamanı ancaq əks-hücuma çıxırdı. Lakin yenə də 1:0 hesabı ilə qələbə qazandıq. Bu, C divizionunda son oyunumuz idi. Qələbə qazandığımız üçün çox xoşbəxtik.
- Qələbə qolunu siz vurduz. Matçda əvvəl fərqlənəcəyinizə inanırdız?
- Farer adaları ilə oyundan öncə qol vuracağımı bilirdim. Mənim üçün bir sıra şanslar yarandı. Lakin dəyərləndirə bilmədim. Ancaq ikinci hissədə sonadək mübarizə apararaq, qol vurmağa nail oldum. Çox xoşbəxtəm ki, bunu bacardım.
- Millətlər Liqasının C divizionunda komandanın oyununu necə dəyərləndirərsiniz?
- Bu mərhələdə qalib gəldiyimiz, eyni zamanda xal itirdiyimiz dönəmlər oldu. Bütün qarşılaşmalar bizə əlavə təcrübə qazandırdı. Həmçinin bu oyunlar inkişafımıza səbəb oldu. Qələbələrimizin nəticəsində isə qrup lideri kimi B divizionuna yüksəldik.
- Mövsümun əvvəlində bu cür uğurlu çıxış edəcəyinizi gözləyirdiz?
- Bizim üçün ilk olduğundan çətinliklərlə üzləşdik. Lakin hər zaman komanda olaraq özümüzə inamlı şəkildə oyunlara çıxmışıq. Sonda isə bu inam bizi birinciliyə gətirib çıxardı.
- Növbəti mövsümdə B divizionunda oynayacaqsız və burada daha güclü komandalar yer alacaq. Uğurun davamını gətirmək çətin olmayacaq ki?
- Diviziondakı yığmaların hamısı dəqiqləşməsə də, güclü rəqiblər barədə məlumatımız var. Ancaq biz qarşıya qoyulan hədəfə çatacağıq. Yaxşı nəticələr əldə edərək, azarkeşlərimizi sevindirməyə davam edəcəyik. Bizim bu mərhələyə yüksəlməyimizin özü böyük bir nəticədir. Düşünürəm ki, bacara bilməyəcəyimiz heç nə yoxdur. Daima irəli baxmalı və qələbə qazanmalıyıq.
- Legioner həyatı yaşayan futbolçularımızdansan. Bu oyunlardan sonra sənə və komanda yoldaşlarına xarici klublardan yeni təklif gəlməyib?
- Bəli, Rusiya “Zenit”ində çıxış edirəm. Bu komanda ilə bir illik müqaviləm var. Başqa xarici klublardan təkliflər almışam. Lakin hələlik diqqətimi “Zenit”ə yönəltmişəm və yeni təklifi dəyərləndirmirəm.
Banuçiçək Hüseynli
İdman.biz