Yığmamız lisenziya turnirində liderlərsiz mübarizə aparacaq

Xəbərlər
1 Fevral 2024 14:56
188
Yığmamız lisenziya turnirində liderlərsiz mübarizə aparacaq

Bakıda keçiriləcək atletika üzrə beynəlxalq qış turnirində çıxış edəcək idmançıların sayı dəqiqləşib.

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadənin İdman.bizə verdiyi məlumata görə, yarışda 80-a yaxın atlet mübarizə aparacaq.

Onun sözlərinə görə, əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunacaq turnirdə ölkəmiz 52 idmançı ilə təmsil olunacaq. Lakin yığmanın aparıcı idmançıları mübarizə aparmayacaqlar: “Təəssüflər olsun ki, əsas atletlərimiz - uzunluğa tullanmada Nazim Babayevlə Kəsgin Abbaszadə, üçtəkanla tullanmada Yekaterina Sarıyeva bu yarışda çıxış edə bilməyəcəklər. Zədələri var və müalicə olunurlar. Həmçinin, bu turnir ərəfəsində 20 yaşadək atletlərimiz də İstanbulda “U-20 Balkan çempionatı”nda iştirak edəcəklər. Bu səbəbdən həmin yaş qrupunda olan liderlərimiz də qış turnirini buraxacaqlar”.

Sultanzadə bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda Lamiyə Vəliyeva, Əlhəm Nağıyevə (hər ikisi 60 m), Rüstəm Məmmədov (üçtəkanla tullanma), Fəxriyyə Tağızadə və Orxan Aslanovdan (uzunluğa tullanma) uğur gözləyirlər.

Baş katib Olimpiadaya hələlik bir lisenziya əldə etdiklərini, amma daha ikisini də qazana biləcəklərinə ümid bəslədiklərini deyib.

Qeyd edək ki, Respublika Olimpiya Mərkəzində təşkil olunacaq yarış fevralın 2-3 tarixlərində keçiriləcək. Turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Saxa Respublikasından (Yakutiya) atletlər öz güclərini sınayacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: