Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının məşqçisi Həsən Əliyevin İdman.biz saytına müsahibəsi
- Bakıda hərbiçilər arasında güləş üzrə dünya çempionatı başa çatdı. Mundialı necə şərh edərdiz?
- Yarış çox yaxşı şəkildə keçdi. Müxtəlif ölkələrdə bir çox turnirlərdə iştirak etmişəm. Amma Azərbaycandakı təşkilatçılıq olmayıb. Ölkəmizdə keçirilən bu mundial maraqlı anlarla yadda qaldı.
- Yığma çempionatı 8 medalla başa vurdu. Hansı idmançılar gözləntilərinizi doğrultdu?
- Yüksək nəticə gözlədiyim güləşçilərin hər biri etimadı doğrultdu, sonadək mübarizə apardılar. Bəzi çəki dərələrində olan idmançılarımız var idi ki, onlarla bağlı sürprizlər yaşadıq. Bir neçə görüşdə isə təmsilçilərimiz son saniyələrdə xal verərək, uduzdular. Çünki bəziləri həqiqi hərbi xidmətdə olduğu üçün təlim-məşq toplanışını lazımı dərəcədə keçməmişdi. Ümumilikdə götürəndə 4 qızıl, 1 gümüş, 3 bürünc medal kifayət qədər yaxşı nəticədir. Bir məşqçi kimi uşaqların nəticəsindən razı qaldım.
- Bəs kimlər sizi məyus etdi?
- Qurban Qurbanovdan (77 kq) çempionluq gözləsəm də, alınmadı. Burada onun günahı olmadı. Hakimin səhvi və təcrübəsizliyi səbəbindən belə alındı. Düzdür, o bunu qərəzli şəkildə etmədi, amma parter vəziyyətini Qurbana versəydi, udacaqdı.
- Bu il güləş üzrə mötəbər yarışlar başa çatdı. Millimiz ili necə keçirdi?
- İl ərzində kifayət qədər yüksək nəticələr oldu. Millimiz Avropa çempionatında ikinci yeri tutdu, tarixdə ilk dəfə olaraq dünya çempionu olduq. Bu çox böyük nəticədir. 2023-cü il bizim üçün uğurlu keçdi. İndiyə qədər ən yaxşı nəticələrimizə məhz bu ildə nail olduq.
- Yeni ildən gözləntiləriniz nədir?
- Hərbiçilər arasında dünya çempionatı güləş üzrə son beynəlxalq yarış idi. Bundan sonra yalnız ölkə çempionatı qalıb. 2024-cü ilin yanvarından təlim-məşq toplanışına başlayacağıq. Güləşçilərimizi Avropa çempionatı, lisenziya xarakterli turnirlər və ən əsası Paris-2024 Yay Olimpiya Oyunları kimi böyük yarışlar gözləyir. Bu səbəbdən var gücümüzlə əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq.
Banuçiçək Hüseynli
İdman.biz