Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov bildirib ki, komanda Zaqrebdə keçirilən dünya çempionatında daha böyük nailiyyətlər əldə edə bilərdi.
Bu barədə İdman.biz xəbər verir.
"Güləşçilər yaxşı çıxış etdilər, lakin mən inanıram ki, onlar daha çox medal qazana bilərdilər. Hələ qızıl qazana bilməmişik, amma ümid edirəm ki, olimpiada yaxınlaşdıqca idmançılarımız daha da yaxşı hazırlaşacaq və ən yüksək mükafat uğrunda mübarizə apara biləcəklər", - məşqçi jurnalistlərə deyib.
Qazyumov Nurəddin Novruzovun uğurunu da yüksək qiymətləndirib: "Onun özünü göstərməsi və bu nəticəni əldə etməsi çox gözəldir. Bu, gənclərimizə örnək olacaq və onları medalçı və dünya çempionu olmağa həvəsləndirəcək".
Dünya çempionatında Azərbaycan yığması bir gümüş və üç bürünc medal qazanıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Arseni Djioyev (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.
İdman.biz