Dekabrın 5-dən 11-dək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək.
İdman.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə ortaq təşkil etdiyi yarışda 7 ölkədən ümumilikdə 500-ə yaxın yeniyetmə güləşçi mübarizə aparacaq.
Ötən il keçirilən analoji turnirdən fərqli olaraq, bu dəfə U-17 yaş qrupu ilə yanaşı, U-15 yaş qrupu üzrə də yarış keçiriləcək. Proqrama əsasən, turnirin ilk 4 günündə U-15, növbəti 3 gündə isə U-17 yaş qrupunda yer alan güləşçilər xalça üzərinə çıxacaq.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışın təntənəli açılış mərasimi 5 dekabr saat 16:00-da başlayacaq. Turnirin qarşılaşmaları isə hər gün saat 10:00-da start götürəcək.
Qeyd edək ki, yarış güləşdə kütləviliyin artmasına nail olmaq və müvafiq milli komandalara seçim məqsədi daşıyır.
İdman.biz