Arif Niftullayev: “Nəyin bahasına olursa-olsun, qələbə qazanmalı idim”

Müsahibə
21 İyun 2024 11:12
1 031
Arif Niftullayev: “Nəyin bahasına olursa-olsun, qələbə qazanmalı idim”

“Yarışın bu qədər yüksək səviyyədə keçiriləcəyini düşünmürdüm”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Arif Niftullayev (97 kq) deyib.

O, Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında qızıl medal qazanmasını şərh edib. Niftullayev bildirib ki, yarış Avropa və dünya çempionatlarından geri qalmayıb: “Hətta Yay Olimpiya Oyunları səviyyəsində keçirilirdi. Çempion olarkən ilk ona sevindim ki, komandamızda qızıl medal yox idi. İki güləşçimiz finala çıxsa da, hakimlərin ədalətsizliyi səbəbindən qalib ola bilmədilər, gümüş medala layiq görüldülər. Bundan da əlavə 3 bürünc mükafatımız var idi. Ona görə də nəyin bahasına olursa-olsun, bu görüşü qələbə ilə başa vurmalı idim. Əlbəttə, bura çempion olmağa gəlmişdim. Məşq proseslərini çox yaxşı səviyyədə keçmişdik. Sevindirici haldır ki, istəyim reallaşdı”.

Onun sözlərinə görə, yarımfinal görüşü digərlərindən fərqlənib: “Yerli idmançıya qarşı güləşmək hər zaman çətin olur. Çünki arenadakı abu-hava, hakimlərin istər-istəməz tərəfkeşliyi və s. Bütün bu amillər insanı görüşdə geriyə salır. Amma çətin qarşılaşma olsa da, finala çıxmağı bacardım. Burada da qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”.

O, növbəti yarışlarda da bu uğuru davam etdirmək üçün çalışacağını deyib: “Əsas hədəfim Paris-2024 Yay Olimpiya Oyunlarına getmək idi. Amma bəzi səbəblərdən qismət olmadı. Ona görə də əsas məqsədim Avropa və dünya çempionu olmaqdır. Bunun üçün çalışacam”.

Qeyd edək ki, Azərbaycan idmançılarının Oyunlarda hələlik 4 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz