Xasay Həsənli: “Revanş hissi insana daha çox güc verir”

Müsahibə
21 May 2024 19:35
186
Xasay Həsənli: “Revanş hissi insana daha çox güc verir”

“İkinci dəfə çempion tituluna yiyələndim”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) deyib.

O, Bakıda keçirilən U-23 Avropa çempionatında çıxışını şərh edib. Növbəti dəfə qitənin ən güclüsü olan Həsənli revanş almaq üçün ən gözəl məkanın ölkəmiz olduğunu vurğulayıb: “Keçən il Avropa və dünya çempionatının finalında moldovalı rəqibə uduzmuşdum. İndi finaldakı rəqibimə də iki dəfə məğlub olmuşdum. Mənim üçün ən çətini onlarla görüş idi. Yarışa hazırlaşarkən də güləş tərzimi bu iki rəqib üzərində edirdim. Qələbə qazandığım üçün sevinciliyəm. Üzərimdə əziyyəti olan bütün məşqçilərə minnətdarlığımı bildirirəm. Qələbəmi yeni doğulmuş bacımın oğluna və ən yaxın dostum Elcan Məmmədova həsr edirəm. O da əsgərlikdədir, gözləyirəm ki, gəlsin və böyük arenalarda çıxış etsin”.

O bildirib ki, bütün idmançılar kimi o da böyüklər arasında dünya və Avropa çempionu olmaq istəyir: “Bunun üçün çalışıram. İnanıram ki, bundan sonra məşqlərdə daha yaxşı çıxış edəndən sonra buna nail ola bilərəm. Günü-gündən daha yaxşı olmağa çalışıram. Revanş hissi insana daha çox güc verir. Mənim görüş zamanı üstünlüyüm var idi. Təhlükəli vəziyyət olsa da, alındı. Səhv və risk etsəm də, sonunda nail oldum”.

Qeyd edək ki, Həsənlidən öncə U-23 çempionatında yunan-Roma güləşçilərimizdən Ziya Babaşov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) bürünc medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz