İkiqat məsuliyyət, 29 il öncə başlayan yol və ya 20-ci cəhd - STATİSTİK TƏHLİL, GÖZLƏNTİLƏR

Təhlil
13 Sentyabr 2023 13:50
158
İkiqat məsuliyyət, 29 il öncə başlayan yol və ya 20-ci cəhd - STATİSTİK TƏHLİL, GÖZLƏNTİLƏR

Serbiyanın paytaxtı Belqradda keçiriləcək güləş üzrə dünya çempionatının başlamasına cəmi 3 gün qalıb.

İdman.biz xəbər verir ki, 8 gün davam edəcək mundail Azərbaycan pəhləvanları üçün 20-ci cəhd olacaq.

Yığmamız bunadək iştirak etdiyi 19 yarışda 17 qızıl, 29 gümüş və 39 bürünc medala yiyələnib. Aktivində 85 mükafat olan Azərbaycan ölkə sıralamasında 16-cı yerdə qərarlaşıb.

DƏYİŞMƏYƏCƏK TARİX

Güləşçilərimiz müstəqillik illərimizdə dünya çempionatları tarixində ilk medalları debüt etdikləri 1994-cü ildə qazanıblar. Həmin vaxt indikindən fərqli, yunan-Roma, sərbəst və qadınların yarışları ayrı-ayrı məkanlarda keçirilirdi. Türkiyənin İstanbul şəhərində təşkil olunan sərbəst növ üzrə mübarizələrdə Namiq Abdullayev (52 kq) və Davud Maqomedov (100 kq) gümüş medal əldə etməklə, ölkəmizə ilk uğurları qazandırıb. Finlandiyanın Tampere şəhərindəki yunan-Roma güləşi üzrə keçirilən yarışda isə Natiq Eyvazov (52 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmağı bacarıb.

HİMNİMİZİN SƏSLƏNDİYİ İLK MUNDİAL
Azərbaycana mundiallar tarixində ilk qızıl medalı isə 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən dünya çempionatında Arif Abdullayev qazandırıb. O, 60 kq-da bütün rəqiblərinə qalib gəlməklə, mundiallarda Azərbaycan himnini səsləndirən ilk pəhləvanımız olub.

2005-ci ildən isə dünya çempionatı 1 ölkə qəbul etməyə başladı. Həmin il Macarıstanın paytaxtı Budapeştdə güləşçilərimiz gözlənilmədən medalsız qaldılar.

2007-ci ildə ilk dəfə paytaxtımız dünya çempionatına ev sahibliyi etdi. İlk qızıl medaldan 4 il sonra bu yarışda yunan-Roma güləşçimiz Fərid Mansurov parlaq çıxışı ilə fəxri kürsünün ən yüksək pilləsində yer aldı.

1 il sonra Yaponiyanın paytaxtı Tokiodakı analoji yarış Azərbaycan üçün əlamətdar oldu. İlk dəfə qadın güləşçimiz medal qazandı. Elvira Mürsəlova (59 kq) bürünc “Gündoğar ölkə”dən vətənə “bürünc”lə qayıtdı.

ƏN UĞURLU MUNDİAL
2009-cu ildə Danimarkanın Herninq şəhərində keçirilən mundial Azərbaycan güləş tarixinin ən yaxşısıdır. Bu yarışda idmançılarımız 3-ü qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar. Fərid Mansurov (66 kq, yunan-Roma), Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (59 kq) çempion tituluna yiyələniblər. Bu həm də qadın güləşində əldə etdiyimiz ilk qızıl medallar olub. Ümumi komanda hesabında Azərbaycan medalların əyyarına görə Rusiyadan sonra 2-ci pilləni tutub. Qadın güləşində 1-ci olan yığma, sərbəst növdə Rusiyadan sonra 2-ci, yunan-roma növündə isə Türkiyə və İrandan sonra 3-cü olub.

UĞURDAN-UĞURA
2010-cu ildə Rusiyanın paytaxtı Moskvada təşkil olunan yarışı da uğurlu adlandırmaq olar. Millimiz həmin turnirdə 2 qızıl, 2 gümüş, 3 bürünc medal əldə edib. Hazırda sərbəst güləş üzrə millimizin baş məşqçisi Xetaq Qazimov (96 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Yunan-roma güləşi üzrə millimizin məşqçilərindən olan Həsən Əliyev (60 kq) də analoji uğuru təkrarlayıb. Ümumi sıralamada 4-cü olan Azərbaycan, sərbəst növdə Rusiyadan sonra 2-ci, yunan-roma növündə isə Rusiya və Türkiyədən sonra 3-cü olub.

2011-ci il mundialında sərbəst növdə Şərif Şərifov (84 kq), yunan-Roma növündə isə Rövşən Bayramov (55 kq) qızıl medala layiq görülüb. Bundan əlavə, yığmamız 1 gümüş və 5 bürünc medala da sevinib.

2 il sonra baş tutan dünya çempionatı isə uğursuz alınıb. Budapeştdə keçirilən yarışda 10 ildən sonra millimiz qızıl medalsız qalıb. Qazancımız isə 2 gümüş və eyni sayda bürünc medal olub.

Növbəti - 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) qızıl medala yiyələnib. Bununla bərabər, güləşçilərimiz 3 gümüş və 3 bürünc medallar da əldə ediblər.

Las Veqasda keçirilən 2015-ci il yarışını da uğurlu hesab edə bilərik. Hacı Əliyev (61 kq) mundiallarda ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Yunan-Roma növündə isə Rəsul Çunayev (71 kq) qızıl medalı boynundan asıb. Bundan başqa, idmançılarımız 3 gümüş və 3 bürünc medal da əldə ediblər.

1 ildən sonra yenidən mundialı qəbul edən Budapeştdə Macarıstan sindromu davam edib. Bu dəfə də uğursuz çıxış qeydə alınıb. Millimizin qazancı cəmi 2 bürünc medal olub.

2017-ci ildə Parisdə keçirilən yarışı güləşçilərimiz 1 qızıl, 2 bürünc medalla tamamlayıblar. Hacı Əliyev (61 kq) sərbəst növdə bir ilk edərək 3-cü dəfə dünya çempionu adını qazanıb. Ondan sonra isə mundialda sərbəst güləşdə hələlik qızıl medal əldə edə bilməmişik.

Budapeşt tilsimi nəhayət ki, 2018-ci il mundialında qırılıb. Yunan-Roma növündə Eldəniz Əzizli (55 kq) dünyanın ən güclüsü adına sahib olub. Bundan əlavə, yığmamız aktivinə 2 gümüş və 2 bürünc medal da yazdırıb.

Növbəti il Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən yarışda 1-ci yerə qadın güləşçimiz Mariya Stadnik (50 kq) yüksəlib. Bu, onun ikinci “qızıl”ı olub. Komandamız həmçinin 3 gümüş və 2 bürünc medala da yiyələnib.

Yunan-Roma güləşçimiz Rafiq Hüseynovun (82 kq) çempion olduğu Oslo mundialı 6 medalla yadda qalıb. 2021-ci ildə Norveçdə 1 qızılla yanaşı, 1 gümüş və 4 bürünc medala da yiyələnmişik.

Son dünya çempionatı isə Eldəniz Əzizli (55 kq) karyerasında ikinci dünya çempionluğuna sevinib. Ötən il Serbiyadan Azərbaycan daha 1 gümüş və 5 bürünc mükafatla qayıdıb.

MEDAL ÜMİDLƏRİMİZ
Sentyabrın 16-24-da Serbiyanın paytaxtında ölkəmizi 26 güləşçi təmsil edəcək. Bu yarış ikiqat məsuliyyət daşıyacaq. Çünki mundialda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyalar da veriləcək. Bu səbəbdən dünya çempionatının gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar.

Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Zəlimxan Hüseynov, Şərif Şərifov və Taymuraz Kokoyevin rəhbəriyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) qüvvəsini sınayacaq.

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Semyon Şterev, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin tapşırıqlarını Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) yerinə yetirməyə çalışacaq.

Yunan-Roma güləşində yer alanlar mundialın son günlərində xalçaya çıxacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaq.

Mundialda ilk medalı sərbəst güləşçilərimizdən gözləməyə dəyər. 3 qat dünya çempionu Hacı Əliyevin dünya çempionatında yenidən zirvəyə qalxmaq şansı yüksəkdir. Son Avropa çempionu Əliabbas Rzazadəyə də ümidlər böyükdür. Yaxşı formada olan Turan Bayramovun çıxışını da səbirsizliklə gözləmək olar.

Qadın güləşçilərin mübarizəsində bütün diqqətlər 2 qat dünya çempionumuz Mariya Stadnikin çıxışına yönələcək. Polşada keçirilən beynəlxalq turnirdə qızıl qazanmaqla mundiala tam hazır olduğunu göstərən güləşçinin medal əldə etməsi proqnozlaşdırılır. Təcrübə kifayət qədər olsa da narahat edən əsas məqam idmançının yaşıdır. Onun sürətli və gənc rəqiblərinə qarşı necə güləşəcəyi çox maraqlıdır. Amma Mariyanın ən azı Olimpiadaya lisenziya əldə edəcəyinə ümidlər böyükdür. Milli komandanın baş məşqçisi Semyon Şterev, eyni zamanda, Avropa çempionatının finalçısı Jalə Əliyevadan da yüksək nəticə gözləyir.

Yunan-Roma növündə də bir neçə qızıl medala ümid etmək olar. Qeyri-olimpiya çəkisi olan 55 kq-da çıxış edən Eldəniz Əzizlinin yenidən Azərbaycan himnini səsləndirməsi istisna edilmir. Zədə səbəbindən Budapeştdə keçirilən son Qran-pri yarışında iştirak etmən pəhləvan artıq bu problemi həll edib və tam gücü ilə mübarizə aparacaq. Ondan başqa, bu il Avropa çempionu olan Həsrət Cəfərov və Ülvi Qənizadəyə də böyük ümidlər var. Bu idmançılar əgər dünya çempionu olsalar, bir ilki də reallaşdıracaqlar. Onlar Azərbaycan tarixində ilk dəfə həm Avropa, həm də dünya çempionu olacaqlar. Artıq Olimpiya çəkisində çıxış etməyən Rafiq Hüseynovun da bu mundialı medalla başa vurması gözlənilir. Daha bir ümidimiz 97 kq-da müstəqillik dövrümüzdə DÇ-da yeganə medal qazanan Arif Niftullayevədir. Sonuncu mundialın bürünc medalçısının bu dəfə medalın əyarını daha da yaxşılaşdıracağına ümid etmək olar.

İnanaq ki, sonda güləşçilərimiz qazanacaqları medallarla xalqımızı sevindirəcəklər.

Emin Ağa

İdman.biz